“Qarabağımızı daha yaxşı tanıdıq”

Bu günlərdə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində Qarabağın müxtəlif bölgələrindən olan şagirdlər üçün “Təhsil Avtobusu - Qayıdış” layihəsi həyata keçirilib. Layihənin rəhbəri Ülviyyə Axundovanın sözlərinə görə, əsas məqsəd korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etməkdir. Bundan başqa, şagirdlərin təhsilə olan marağının artmasına şərait yaratmaq və onları qayıdış prosesinə adaptasiya etmək də əsas məqsədlərdəndir.

 

Layihədə 50-dən çox məktəbdən 198 şagird iştirak edib

 

“Təhsil Avtobusu-Qayıdış” layihəsi ümumilikdə 50-dən çox məktəbi və 198 şagirdi əhatə edib. Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edilib. 

 

Şagirdlər üçün layihə çərçivəsində Qarabağ mövzuları əsasında incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, sosial sahibkarlıq, şəxsi inkişaf istiqamətlərində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Təhsil avtobusunda 8 gün ərzində 1500 kilometrdən çox yol qət edilib. Orta göstəricisi zəif və orta olan şagirdlər üçün fərqli və öyrədici təlim proqramı, intellektual yarışlar təşkil olunub.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

 

“Təhsil Avtobusu-Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, Vitam Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, Kids Inc., proqramı, SABAH qrupları, Edumap Təhsil portal tərəfdaşlığı ilə baş tutub.

 

Qeyd edək ki, “Təhsil Avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur.  2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil Avtobusu” yay məktəbi nəticəsində 8500 km yol qət edilmiş, Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsil müəssisəsinin 750-dən çox tələbəsi cəlb edilmiş, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilmişdir.

 

“Təhsil Avtobusu-Qayıdış” layihəsində iştirak edən şagirdlər təəssüratlarını bizimlə bölüşüb.

 

“Qarabağa səfərimiz maraqlı keçdi”

 

Əslən Kəlbəcərdən olan hazırda paytaxtın 95 nömrəli tam orta məktəbində təhsil alan Əfruz Zamanlı layihə çərçivəsində dostları ilə çox səmərəli zaman keçirdiyini bildirib: “Mənim valideynlərim Kəlbəcər rayonunun Keşlə kəndindəndir. Doğma yurdumuz haqqında valideynlərim həmişə ürək ağrısı ilə söhbət açırdı. Allaha şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu. Təhsil Avtobusu vasitəsilə Qarabağa səfərimiz çox maraqlı keçdi. Buradakı təlimlər zamanı müəllimlərdən çox şey öyrəndik. Onların sayəsində Qarabağımızı daha yaxşı tanıdıq. Burada bizə kömək edən, bizimlə birlikdə maraqlı və faydalı zaman keçirən layihə heyətinə çox təşəkkür edirəm.”

 

“Yaxşı ki, mən də Təhsil Avtobusunun bir iştirakçısı oldum”

 

Şuşa şəhər 19 nömrəli tam orta məktəbin şagirdi Humay Vəliyeva da “Təhsil Avtobusu” layihəsində iştirak edən şagirdlərdəndir. O, layihəyə  qoşulduğu üçün özünü şanslı hesab etdiyini deyir: “Biz burada bir çox təlimlər keçdik. Əsasən səhnədə düzgün danışmaq, çıxış etməyi, özümüzü sevməyi, dəyər verməyi və incəsənəti öyrəndik. Bütün müəllimlərimə, təlimçilərimə təşəkkür edirəm. Yaxşı ki, mən də Təhsil Avtobusunun bir iştirakçısı oldum”.

 

“Köynəklərimizə “Xarı bülbül” şəkillərinin çəkilməsi daha çox xoşuma gəldi”

 

Xocalı rayonu Kosalar kənd tam orta məktəbin şagirdi Nərmin Quliyeva da layihənin iştirakçısı olmaqdan məmnunluq hissi keçirdiyini bildirib: Layihə çərçivəsində keçirdiyim günləri heç vaxt unutmayacağam. Bizə bu imkanları yaradan təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm. Doğma torpaqlarımızı gəzmək, görmək bizim üçün çox xoş oldu. Bundan başqa, burada həm öyrəndik, həm də əyləndik. Köynəklərimizə “Xarı bülbül” şəkillərinin çəkilməsi daha çox xoşuma gəldi. Ümid edirəm ki, növbəti illərdə bu kimi layihələr işğaldan azad olunmuş torpaqlarımızda reallaşar”.

 

Niyazi RƏHİMOV

 



17.09.2021 | 12:23