BDU-da əcnəbi tələbələrin sayı 2 dəfə artıb

Son illər Bakı Dövlət Universitetində (BDU) təhsilin beynəlmilləşməsi istiqamətində islahatların aparılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, dünyanın bir sıra aparıcı universitetləri ilə ikili diplom proqramları üzrə kadr hazırlığının həyata keçirilməsi ilə bağlı ciddi addımlar atılıb. Eyni zamanda, tədris prosesinin təkmilləşdirilməsi, bu işdə yeni metod və texnologiyalardan, “Blackboard” kimi  beynəlxalq təhsil platformasının tətbiqi, BDU-nun “QS və Times Higher Education (THE)” kimi dünyanın məhşur reytinq siyahılarında ən yüksək göstəricilərə malik ali təhsil müəssisələri arasında yer alması universitetdə oxumaq istəyən əcnəbi tələbələrin sayının artmasına səbəb olub.

 

Ali məktəbdən bildirilib ki, 2021/2022-ci tədris ilində BDU-ya qəbul olmaq üçün müraciət edən tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 2 dəfə artıb. Cari ilin iyul-avqust aylarında 27 ölkədən 200-dən çox əcnəbi tələbə qeyri-dövlət xətti ilə BDU-da təhsil almaq üçün müraciət edib. Müqayisə üçün qeyd edək ki, keçən il bu göstərici 15 ölkə ilə məhdudlaşırdı.

 

 



17.09.2021 | 14:49