“Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda lektoriya

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər  Əliyev  və  Azərbaycan  dövlətçiliyi  şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.

 

“Heydər Əliyev və musiqi mədəniyyəti” adlı lektoriyada Heydər Əliyev Fondunun nümayəndəsi, AMEA-nın elmi-tədqiqat institutlarının əməkdaşları, Bakı Musiqi Akademiyasının professorları, xalq artistləri, əməkdar artistlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

MEK-in baş direktoru, professor Məmməd Əliyev professional musiqi sənətinin, qədim köklərə dayanan milli musiqimizin gözəl bilicisi olan Azərbaycan xalqının Ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən, musiqişünasların fəaliyyətini hər zaman yüksək qiymətləndirməsindən, incəsənətimizin zirvələri fəth etməsi işində əvəzsiz xidmətlərindən danışıb.

 

Baş direktor nəzərə çatdırıb ki, rəhbərlik etdiyi kitabxanada ömrünü xalqına həsr etmiş dahi lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərini geniş aspektlərdən təhlil edən, həmçinin mədəniyyət və incəsənət sahəsindəki gördüyü əməli işlərdən bəhs edən dəyərli nəşrlər yer almaqdadır.

 

Heydər Əliyev Fondunun nümayəndəsi Zaur Əliyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində yüksək sənət zirvələri fəth etmiş Azərbaycan milli musiqisi bu gün ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Qeyd olunub ki, Azərbaycanın Birinci vitse prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Ulu Öndərin adını nəcib və xeyirxah əməlləri ilə əbədiləşdirən Heydər Əliyev Fondu cəmiyyətimizin bütün sahələrində müxtəlif layihələr həyata keçirərək Azərbaycanın inkişafına öz layiqli töhfələrini verir.

 

Daha sonra Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, Əməkdar müəllim, professor Ülviyyə İmanovanın  mövzu ətrafında geniş məruzəsi dinlənilib.

 

Tədbirin bədii hissəsindən sonra tədbir iştirakçıları sərgiyə baxış keçiriblər.

 

 



17.09.2021 | 16:27