Universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə kitablar hədiyyə olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinə (TVİM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən tarixi Zəfər mövzusunda, qəhrəman zabit və əsgərlərimizə həsr olunan 38 kitab, eləcə də 4 sənədli filmin video diskləri hədiyyə edilib.

 

Hədiyyələr "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə TVİM-in koordinatoru, MDU-nun şəhid məzunu Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynovanın görüşü zamanı təqdim olunub.

 

Görüşdə M.Hüseynova universitetdə tələbələrin milli vətənpərvərlik ruhunda yetişdirilməsi və qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi isitqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

Hədiyyə edilən kitab və video disklərə görə birliyin sədrinə universitet rəhbərliyinin və özünün təşəkkürünü çatdıran M.Hüseynova belə maarifləndirici vəsaitlərin milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, igid əsgər və zabitlərin göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Son dövrdə MDU-da təhsilin məzmununda vətənpərvərliyin önəminin yüksəldilməsi məqsədilə həyata keçirilən çoxşaxəli fəaliyyətdən məmnunluğunu bildirən S.Orucova universitetdə şəhid məzunların əziz xatirəsinin daim uca tutulması, müntəzəm olaraq onların ailələrinin ziyarət edilməsi və qazilərlə görüşlərin keçirilməsini yüksək qiymətləndirib.

 

Vətəpərvərlik mövzusunda MDU ilə birgə tədbirlərin keçirilməsi imkanlarından bəhs edən S.Orucova gələcəkdə əməkdaşlığın davamlı olması istiqamətində fikirlərini bölüşüb.

 

Sonra hədiyyə olunan kitabların və sənədli filmlərin qısa təqdimatı keçirilib.

 



17.09.2021 | 17:12