AzTU ilə Ankara Universiteti arasında ikili diplom proqramı

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Ankara Universiteti arasında Kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı haqqında müqavilənin onlayn imzalanma mərasimi keçirilib.

 

Tədbirdə Ankara Universitetinin rektoru Necdet Ünüvar, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki ali məktəbin prorektorları, dekanları, müvafiq strukturların rəhbərləri iştirak ediblər.

 

Rektorlar Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiqlənmiş ikili diplom proqramı haqqında müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırıb və bundan sonra görüləcək işlər haqqında fikirlərini bildiriblər. Onlar imzalanan ikili diplom proqramı haqqında müqavilənin bir illik gərgin əməyin nəticəsində əldə olunduğunu xüsusi vurğulayıblar.

 

Müqaviləyə əsasən, 2022/2023-cü tədris ilindən hər iki ali məktəbin bakalavriat səviyyəsinə Kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunan tələbələr bu proqramdan yararlana biləcək.

 

Tələbələr I və II kursu Azərbaycanda, III və IV kursu isə Türkiyədə təhsil alacaq. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU və Ankara Universitetinin diplomları təqdim olunacaq.

 

 



20.09.2021 | 13:29