Mingəçevir Dövlət Universitetində qocaman müəllimlərlə görüş

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin qocaman professor və müəllim heyəti ilə görüş keçirilib.

 

Görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov çoxşaxəli universitet həyatında nailiyyətlərin qazanılmasında,  gənc pedaqoji kadrların inkişafında qocaman və təcrübəli akademik heyət üzvlərinin mühüm rolundan bəhs edib.

 

Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, ötən tədris ilində MDU-da məsafədən təhsilin səmərəli və davamlı təşkilində, elmi fəaliyyətin məhsuldar həyata keçirilməsində qocaman müəllimlərin fəal iştirakını yüksək qiymətləndirən rektor universitetdə kadr hazırlığının keyfiyyətinin daha da artırılması məqsədilə qarşıda dayanan vəzifələri diqqətə çatdırıb.

 

MDU-nun strateji hədəflərinin reallaşdırılmasında qocaman kollektiv üzvlərinin bilik və təcrübələrindən faydalanmağın üstünlüklərindən danışan Ş.Bayramov universitet idarəçiliyi ilə bağlı bütün təklif və təşəbbüslərə hər zaman açıq olduğunu vurğulayıb, görüş iştirakçılarına gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

 

Görüşdə çıxış edən akademik heyət üzvləri ölkədə müəllimlərə və ağsaqqal ziyalılara daim yüksək dəyər verildiyini qeyd edib, göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

 

Son dövrdə MDU-nun ölkəmizin ali təhsil xəritəsində mövqeyinin gücləndiyini deyən təcrübəli pedaqoqlar universitetin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikirlərini bölüşüb, növbəti illərdə də fəaliyyət göstərdikləri ali təhsil müəssisəsinin uğurlarında pay sahibi olmaqdan məmnunluq duyacaqlarını söyləyiblər.

 



22.09.2021 | 11:25