Rektorun birinci kurs tələbələri ilə görüşü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru,  professor Gülçöhrə Məmmədova bu il yüksək balla universitetə daxil olan 1-ci kurs tələbələri ilə görüşüb. Görüşdə ali məktəbin rektorluğu, bütün fakültələrin dekanları, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

          

Rektor tələbələrə yeni tədris ilində uğurlar arzulayıb, dəyərli məsləhətlər verib, daha sonra universitetin imkanlarından, təhsilin səviyyəsindən danışıb, tələbə-müəllim münasibətlərinə toxunub. Bundan başqa, universitetin beynəlxalq əlaqələri, Avropa Birliyi universitetləri ilə mübadilə, əməkdaşlıq imkanları, dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramları barədə geniş məlumat verilib. G.Məmmədova gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin bu gün təhsil ocaqları içərisində seçildiyini söyləyib, gənclərə AzMİU-nu seçdikləri üçün peşman olmayacaqlarını vurğulayıb.

           

Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov da birinci kursa daxil olan tələbələri təbrik edib, onlara savadlı, bacarıqlı kadr kimi yetişmək üçün universitetin yaratdığı  bütün imkanlardan faydalanmağı məsləhət görüb. O, hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində universitetdə də təhlükəsiz və sağlam təhsil üçün mühüm işlərin görüldüyünü deyib.

          

Görüşün sonunda rektor və dekanlar yüksək bal yığan tələbələrə tələbə biletlərini təqdim ediblər.                

             

 

 



29.09.2021 | 17:22