Müəllim adını uca tutmaq əsas missiyamdır

Müəllim peşəsini digərlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarix yazan dahi şəxsiyyətləri də müəllim yetişdirib. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Zaman keçəcək, on illər, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində olacaq.

 

Mingəçevir Dövlət Universitetində son bir il ərzində peşəkar pedaqoji fəaliyyətlə məşğul olduğum dövrdə bu fikirləri daha yaxşı anladım. Fəaliyyətimin bu mərhələsi ölkə və beynəlxalq aləmdə baş verən bir çox vacib hadisələrin fonunda, o cümlədən çalışdığım ali təhsil müəssisəsinin ümumən yeni hədəflər ətrafında səfərbər olduğu bir vaxta təsadüf etdi.

 

Dünyanı ağuşuna alan COVID-19 pandemiyası ölkə təhsilinin inkişafına məsul olan qurumları fərqli yanaşmalar tətbiq etməyə sövq etdi. Daim auditoriyalara üz tutan pedaqoq və tələbə ordusu  distant təhsil sisteminə keçməli oldu. Tamamilə məsafəli təhsillə məşğul olmaq hər kəsdən bir başqa elmi və psixoloji bacarıq tələb edirdi. Əbəs yerə söyləməyiblər ki, hər hansı kollektivin uğuru o zaman dinamik və davamlı xarakter daşıyır ki, onun başında idarəçilik bacarığı ilə seçilən rəhbər dayanır. Bu mənada universitetimizin rektoru hər kəsi tərəddüd içindən çıxararaq, yeni məqsədlər naminə bir yumruq kimi birləşdirməyi bacardı. Həm təhsil intizamı, həm də unversitetimizin beynəlxalq əlaqələri sayəsində  əldə etdiyimiz yeni böyük nailiyyətlər biri-birini əvəz etməyə başladı.

 

Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan bir imkan var. Həyatın dərk edilməsi və biliklərin əldə olunması yolunda öz tələbələri ilə yanaşı getmək, onlarla bərabər öyrənmək və kamilləşmək. Son bir il ərzində  müasir zamanın tələblərinə uyğun davranış vərdişlərinə yiyələnərək, öyrənməyi və tələbələrimizə öyrətməyi bacardıq. Açığı çox şeyləri öyrənib, çox şeyləri öyrətdik.

 

Bu dövrün ən qürurverici özəlliklərindən biri də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti, Rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan xalqının 30 illik işğal zəncirlərini qıraraq 44 günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılması oldu. Yaşından, sosial zümrəsindən və peşəsindən asılı olmayaraq hər kəs Vətən naminə qəhrəmanlıq göstərən Azərbaycan əsgərinin yanında olmağa çalışırdı.

 

Əslində təhsil ocağının məqsədi təkcə konkret ixtisaslar üzrə kadr yetişdirməkdən ibarət deyil, həm də cəmiyyətinə, elinə, obasına yararlı ola biləcək vətənpərvər vətəndaşlar yetişdirməkdir. Təsadüfi deyil ki, Vətən müharibəsində 4 əməkdaşımız, 120-dən çox məzunumuz yaxından iştirak etdi. 5 məzunumuz isə Şəhidlik zirvəsinə ucaldı.

 

Bu mənada düşünürəm ki, mən və mənimlə bərabər Mingəçevir Dövlət Universitetində çalışan gənc həmkarlarım son bir ildə çox bacarıqlara və təcrübələrə yiyələndik. Bir sözlə, biz bacardıq.

 

Mingəçevir Dövlət Universitetinin gənc müəllimi olduğum üçün özümü şanslı hesab edirəm. Yeniləşən, dəyişən və müasirləşən bu ali təhsil müəssisəsinin gələcək uğurlarına çox inanıram. Birillik pedaqoji fəaliyyətim deməyə əsas verir ki, müəllim adını uca tutmaq və doğma universitetimin uğurları üçün çalışmaq mənim əsas missiyamdır.

 

İnanıram ki, ölkəmizin təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan sistemli tədbirlər bundan sonra da uğurla reallaşdırılacaq və biz yenidən doğma auditoriyalarda əziz tələbələrimizlə görüşəcəyik.

 

Məryəm ƏSƏDOVA,

MDU-nun müəllimi

 

 



01.10.2021 | 16:22