2021-2022-ci tədris ili üzrə 724 SABAH tələbəsi

Ölkənin 11 ali təhsil müəssisəsini əhatə edən SABAH qruplarına, eləcə də SABAH qrupları layihəsi modeli çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) xüsusi pilot qrupuna qəbul üçün iyun-avqust aylarında 2021-2022-ci tədris ili üzrə tələbə seçimi aparılıb. Sözügedən qruplara tələbə seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilir.
 

Müsabiqədə iştirak üçün ümumilikdə 1746 tələbə müraciət edib, onlardan 1690 nəfəri test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş imtahanda 1404 tələbə iştirak edib. 35 ixtisas üzrə test imtahanı mərhələsini uğurla keçən 1059 tələbə üçün onlayn müsahibə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 724 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. ADBTİA xüsusi pilot qrupuna isə 2 ixtisas üzrə 30 tələbə qəbul olub.
 

Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün SABAH qruplarında yeni ixtisaslar açılıb.

 

 



02.10.2021 | 15:59