ADA Universitetinin yeni təhsil proqramı

ADA Universiteti “Bir müəllimin manifesti” ixtisasartırma proqramına başlayıb.

 

Bu münasibətlə milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirib.

 

Tədbirdə universitet “Bir müəllimin manifesti” ixtisasartırma proqramına hazırlıqların tamamlandığını və Proqramın öz fəaliyyətinə başladığını elan edib.

 

Rektorların, proqrama seçilən və regionları təmsil edən 40 iştirakçının, bölgələrdəki orta məktəb müəllimləri və direktorların iştirakı ilə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd çıxış ediblər.

 

Mərasim çərçivəsində ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalanıb.

 

Sənədi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar.

 

Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.

 

Sonra “ADA Məclisi Qazaxda” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Milli Məclisin deputatı Nizami Cəfərov çıxış ediblər.

 

Rektor Hafiz Paşayev növbəti ilin sentyabr ayından etibarən Qazax Müəllimlər Seminariyasında dərslərin başlayacağını bildirib.

 

ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdalın moderatorluğu ilə keçirilən panel müzakirə sual-cavab sessiyası ilə başa çatıb.

 

Seminariya binasının önündə başlayan tədbir BDU-nun Qazax filialında yekunlaşıb.

 

Burada “Bir müəllimin manifesti” proqramının iştirakçılarının təlim keçməsi üçün nəzərdə tutulan və yeni təmir edilmiş sinif otaqları ilə tanışlıq olub.

 

Sözügedən birillik təhsil proqramının əyani formatı BDU-nun Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq.

 

Azərtac



04.10.2021 | 11:16