BMU-nun rektoru ilə ECAR layihəsi çərçivəsində müsahibə keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) yaradılması layihəsi çərçivəsində təşkil olunan ali təhsil müəssisələri rektorlarının ilk görüşündə iştirak edib. Görüş çərçivəsində BMU-nun rektoru ilə müsahibə də keçirilib.

 

Bakı Biznes Universitetində keçirilən tədbirdə BMU-nun rektoru H. Məmmədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın universitetlər üçün yaratdığı imkanlara toxunub, həmçinin ali təhsil sisteminin və universitetlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı rəy və təkliflərini bildirib.

 

Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+KA2 layihəsində BMU tərəfdaş qismində iştirak edir. Layihənin ilk fəaliyyət planı çərçivəsində Azərbaycan universitetləri, eləcə də ali təhsil sahəsində olan digər maraqlı tərəflər, o cümlədən tələbələr, məzunlar, əmək bazarı nümayəndələri arasında əlaqələr, şəbəkələşmə və əməkdaşlığın mövcud vəziyyəti haqqında genişhəcmli tədqiqat aparılır.

 

Tədqiqatın əsas hədəflərindən biri ali təhsil sisteminin və universitetlərarası əlaqələrin inkişaf etdirilməsinə dair rəylərin öyrənilməsi məqsədilə ali təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri ilə müsahibələrin təşkil olunmasıdır.

 

Tədqiqatın ilkin mərhələsində aparılan sorğularda 15 rektor, 349 nəfərdən ibarət idarəetmə heyəti, 518 nəfərlik akademik heyət, 72 nəfər əmək bazarı nümayəndələri, 1429 tələbə və 554 məzun olmaqla, ümumilikdə 2937 nəfər iştirak edib.

 

 



06.10.2021 | 12:05