ARTİ təhsildə innovasiyalar sahəsində fəaliyyətini genişləndirir

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsi ölkəmizdə innovativ məzmunun hazırlanmasının və ondan istifadənin, təhsil müəssisələrində tədqiqat və innovasiya fəaliyyətlərinin təşviqi məqsədilə müxtəlif işlər görür. 2021/2022-ci tədris ilində bu kimi fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulmuşdur.

 

Ali təhsil müəssisələri və sənaye əməkdaşlığı ətrafında mövzulara diqqəti cəlb etmək məqsədilə tanınmış yerli və beynəlxalq ekspertlərin spiker qismində iştirak etdiyi “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi 2021-ci ilin əvvəlindən həyata keçirilir. Bu günədək məhsul menecmenti, e-ticarət, biznes və data analitikası, layihələrin idarə edilməsi, elmi-tədqiqat müəssisəsi və s. kimi mövzularda 12 vebinar təşkil edilib və 2000-dən çox təhsil işçisi, iş dünyasının nümayəndələri və tələbələr bu vebinarlardan faydalanıb. Geniş kütləyə malik olan bu silsilənin növbəti ildə davam etməsi nəzərdə tutulur.

 

Sənaye/iş dünyasında çalışan əməkdaşların ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb edilməsini dəstəkləmək və onların pedaqoji bacarıqlarını artırmaq məqsədilə yeni tədris ilində təlimlərin təşkili planlaşdırılır. Sözügedən şəxslərin təlimlər vasitəsilə ali təhsildə pedaqogika və psixologiya, qiymətləndirmə, təlim metodları, sillabusların tərtib edilməsi və s. barədə biliklərini artırması, tədris prosesində rəqəmsal texnologiyalardan istifadə etməyi öyrənməsi, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnməsi, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət etməsi gözlənilir.

 

Azərbaycan universitetləri, elmi mərkəzləri və texnoparklarda doktorantura təhsili, tədqiqat və ixtiranın müasirləşdirilməsinə töhfə vermək məqsədilə 5 elektron kursun (Tədqiqat metodologiyası, təcrübələr və layihələr; Verilənlərin toplanması, emalı və idarə edilməsi; Elmi işlərin yazılması və nəşri; Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma; Sahibkarlıq və startaplar) Azərbaycan dilində yenidən istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Sözügedən e-kurslar Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 

Mövcud tədqiqat potensialının gücləndirilməsi və ölkədə keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən cari ildə icrasına başlanılan “ARTİ Tədqiqat Mentorluq Proqramı” çərçivəsində 43 menti üçün 14 sentyabr tarixindən başlayaraq 12 fərqli mövzunu əhatə edən silsilə təlimlər start götürüb. Təlimlərin məqsədi mentilərin tədqiqat bacarıqlarının və proqramın effektivliyinin artırılmasıdır.

 

Yeni tədris ilində hədəflərdən biri də “İlk5il” tətbiqetməsinin təkmilləşdirilməsidir ki, bu tətbiqetmənin yaradılmasında əsas məqsəd valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirməkdir. Sözügedən “İlk5il” platforması “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində yaradılıb.

 

Abutab ABBASOVA,

ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri

 



08.10.2021 | 10:03