AMEA-nın magistrlərinin “Məzun günü” keçirilib

İyulun 10-da AMEA-nın magistrlərinin “Məzun günü” keçirilib. Tədbirdə respublikanın elm və təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, KİV nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiya magistrlərinin “Məzun günü”nün əlamətdar hadisə olduğunu qeyd edib. AMEA-da magistratura təhsil pilləsinin 2015-ci ildə dövlət başçısının dəstəyi ilə     ya­radıldığını xatırladan AMEA rəhbəri təhsilin müasir səviy­yədə qurulması üçün mühüm addımlar atıldığını bildirib. Magistrantların yaradılmış imkanlardan səmərəli istifadə etdiyini deyən AMEA-nın prezidenti vurğulayıb ki, onlar dissertasiya tədqiqatlarının nəticələrini yerli və xarici jurnallarda çap etdirirlər: “Artıq bir neçə magistrantımızın məqaləsi “Web of Science” platformasında indeksləşən jurnallarda çap olunub. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun biotexnologiya ixtisası üzrə magistraturasını bitirmiş gənc alimin məqaləsi isə impakt faktoru 15.5 olan jurnalda çap olunub. Bu kifayət qədər yüksək nəticədir və uğurlu tədrisin bəhrəsidir”.

 

Natiq qeyd edib ki, cari ildə 18 ixtisas və 39 ixtisaslaşma üzrə 57 tələbə       AMEA-nın magistraturasını bitirib. Qarşıya qoyulmuş məqsədə nail olunduğunu bildirən akademik Akif Əlizadə vurğulayıb ki, magistraturanın yaradılması elmlə təhsilin inteqrasiyası istiqamətində çox uğurlu addım olub magistrantların simasında öz bəhrəsini verir. AMEA rəhbəri bildirib ki, Akademiyanın magistraturasını keçən il bitirmiş ilk məzunların hamısı bu gün Akademiyada elmi karyeralarını uğurla davam etdirirlər. Onların əksəriyyəti hazırda fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün AMEA-nın doktoranturasında təhsil alır.

 

Çıxışının sonunda akademik Akif Əlizadə gənclərin çalışacağı sahələrdə layiqli kadrlardan olacağına əminliyini ifadə edərək onları məzun olmaları münasibətilə bir daha təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Akademiyada təhsil almağın bir sıra üstünlükləri olduğunu, magistrantların xaricdə təcrübə keçməsini və müasir maddi-texniki bazadan istifadə etməsini, AMEA-nın həqiqi və müxbir üzvlərinin, professorlarının tədrisdə bilavasitə iştirakını magistrlərin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində önəmli rol oynadığını qeyd edib.

 

AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, magistrlərin elmi rəhbərləri çıxış edərək AMEA-da magistratura pilləsinin yaradılmasının elm və təhsilin inteqrasiyası, gənclərin elmə marağının artırılması istiqamətində atılmış uğurlu addım olduğunu bildiriblər.

 

Tədbirdə məzunlara diplomlar təqdim edilib. Mərasimin sonunda AMEA Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı akademik Akif Əlizadəyə təqdim edilib.

 

 



10.07.2018 | 17:57