Həyatımda mühüm iz buraxmış dəyərli insan

Həmin insan professor Əjdər Əbdülhüseyn oğlu Ağayev idi. Mən 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyib, müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdum.

 

1975-ci ilin aprel ayı idi. Həmin illərdə Əjdər Ağayev “Azərbaycan məktəbi” jurnalının baş redaktoru idi. Hələ orta məktəbdə işləyərkən jurnala abunə yazılmışdım. Hər bir nömrəsini diqqətlə izləyir və praktik fəaliyyətimdə dərc olunan məqalələrdən, alimlərin elmi ideyalarından, müəllimlərin qabaqcıl iş təcrübələrindən faydalanırdım. Məktəbdə çalışdığım vaxtlarda mən də müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edir, elmi məqalələr çap etdirirdim. Bir məqaləm də (“Lüğəti necə tədris edirəm”) “Azərbaycan məktəbi” jurnalında dərc edilmişdi.

 

AETPEİ-də işlədiyim ilk aylardan həmin jurnalla əməkdaşlıq etməyə başladım.

 

Əjdər Ağayevin kitabları, jurnal məqalələri ilə tanış olsam da, özü ilə tanışlığım yox idi. Bir dəfə redaksiyaya yolum düşəndə bu tanışlıq baş tutdu. Jurnalın məsul katibi Allahverdi Eminov və şöbə redaktoru İsrafil İbadov bu tanışlığın təşəbbüskarı oldular. Bu iki şəxslə tanışlığımızın tarixi vardı. Mən hələ ali məktəbə daxil olmamışdan əvvəl Əli Bayramlı (hazırda Şirvan) şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında ədəbi işçi işləyəndə Allahverdi Eminov redaksiyaya gələr, məqalələr gətirərdi. O zaman o, Salyan rayonunun Kərimbəyli kəndində müəllim işləyirdi. İsrafil İbadov isə Əli Bayramlı şəhər 14 nömrəli məktəbin müəllimi idi. Sonralar hər ikisi Bakıya işləməyə gəldilər.

 

Allahverdi müəllimlə İsrafil müəllim məni Əjdər Ağayevə təqdim edəndə o, adımı eşidən kimi: “Yadıma düşdü. Ötən nömrədə sənin məqaləni vermişik. Biz məqalələrə ciddi yanaşırıq. Hər məqalə jurnalda çap olunmur. Amma səni tanımaya-bilməyə yazını dərc etdik. Bilirsən niyə? Məqalə xoşumuza gəlmişdi”.

 

Mən də öz növbəmdə minnətdarlığımı bildirdim. Sonra öyrəndim ki, Əjdər müəllim də mənim çalışdığım institutun yetirməsidir. Burada aspirant, elmi işçi, direktor müavini olub. İş elə gətirdi ki, Əjdər müəllim yenidən bu instituta qayıtdı. Ötən əsrin 80-ci illəri idi. Mən onun şöbəsində işləməyə başladım. Dissertasiya mövzusu götürdüm və elmi rəhbərim Əjdər Ağayev təsdiq edildi. Namizədlik dissertasiyamın ərsəyə gəlməsində, elmi məqalələrimin sanballı olmasında, dissertasiyada irəli sürülən elmi ideyaların ümumiləşdirilməsində, əsaslandırılmasında və formalaşdırılmasında, eksperimentdən keçirilməsində Əjdər müəllimin məsləhətlərindən bol-bol bəhrələndim.

 

Müvəffəqiyyətlə müdafiə etdikdən bir müddət sonra doktorluq dissertasiyası üzərində işləməyə başladım. Yenə də Əjdər müəllim mənə dəstək oldu. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi aldım. Uğurlarıma daha çox sevinənlərdən biri də Əjdər müəllim idi.

 

Günlər, həftələr, aylar və illər dolandı. Yaşımızın üstünə yaş gəldi. 2017-ci il qapıları döydü. Professor Əjdər Ağayev gəlib 80 yaşına çatdı. Əjdər müəllim arxada qalan illəri vərəqləyəndə dərindən, köks dolusu nəfəs alıb fəxr hissi keçirə bilərdi. Ötən 80 il onun üçün səmərəli olub. Müdrikləşmişdi.

 

Əjdər müəllim 1955-1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdı. Azərbaycan Təhsil Nazirliyinin nəzdindəki pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodik şuranın sədri kimi fəaliyyət göstərmişdi. Pedaqogika elminin ağsaqqallarından biri idi. Ümumtəhsil və ali məktəblərdə müəllim, “Azərbaycan məktəbi” jurnalında baş redaktor, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda direktor müavini, şöbə müdiri vəzifələrində çalışıb, müvəffəqiyyətlə dissertasiya müdafiə edərək elmlər namizədi və elmlər doktoru elmi dərəcələri, professor elmi adı almışdı. Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi.

 

Əjdər müəllim istedadlı alim olmaqla yanaşı yaxşı şair idi. Şeirlərinə mahnılar bəstələnib. Ümumtəhsil və ali məktəblər üçün dərsliklərin (“Pedaqogika”, “Sosial pedaqogika”, “Azərbaycan dili” (II siniflər üçün) və fənn proqramlarının, yüzlərlə elmi məqalələrin, bir çox kitab (“Fərhad Ağazadənin pedaqoji görüşləri”, “Pedaqoji fikrimiz: dünənimiz, bu günümüz”, “Təlim prosesi: ənənə və müasirlik”, “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında” və b.), kitabça və monoqrafiyaların müəllifi idi. Bir neçə cilddən ibarət “Seçilmiş pedaqoji əsərləri” Azərbaycan və rus dillərində çıxmışdı. Əməkdar müəllim fəxri adına və Prezident təqaüdünə layiq görülmüşdü.

 

Elmi rəhbərliyi və rəsmi opponentliyi ilə onlarla alim yetişmişdi. Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən pedaqoji elmlər üzrə dissertasiya şurasının üzvü idi. Respublika Təhsil Şurasının sədri, Bakı Mühəndislik Universitetinin pedaqogika kafedrasının professoru idi.

 

Professor Əjdər Ağayev 80 yaşına çatsa da, gənclik eşqi ilə yazıb yaradır, pedaqoji və elmi kadrların hazırlanmasında yaxından iştirak edirdi. Respublikamızda və onun hüdudlarından kənarda pedaqoji fikir və məktəb tarixinin mahir bilicisi və tədqiqatçısı kimi tanınırdı.

 

Bu istedadlı alimə, gözəl insana, elmi rəhbərim Əjdər Ağayevə Allah rəhmət eləsin!

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

 

 



15.10.2021 | 12:29