Rəqabətlilik naminə

Məlumdur ki, son illərdə inkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olublar. Bu qlobal tendensiya ölkəmizin ali təhsil sistemi qarşısında dövrün çağırışlarına müvafiq olaraq mühüm vəzifələr qoyur.  Bu isə ali təhsil müəssisələrinin  məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsini zərurətə çevirib. Ali təhsildə keyfiyyət dəyişikliklərinin əsasını qoyan bu təşəbbüslər bütövlükdə ölkəmizin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq  milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırıb.  Bu baxımdan, son illərdə yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasına mühüm töhfələrini verən və ölkəmizdə rəqabətli ali təhsil sisteminin formalaşmasında təşəbbüləri ilə seçilən  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  də əsas   hədəflərindən biri  qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yüksəkixtisaslı, yenilikçi, rəqabətli mühəndislər nəslinin yetişdirilməsinə nail olmaqdır. 

 

Qlobal çağırışlar dönəmində tədrisin keyfiyyətinin artırılması, onun beynəlxalq standartlara, xüsusən qərb standartlarına uyğunlaşdırılması istiqamətində Azərbaycan Memarlıq və İnşaat Universitetində həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərlə birgə reallaşdırılan ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq AzMİU tələbələrinin həm bakalavr, həm də magistr səviyyəsində Türkiyənin, eləcə də Avropanın nüfuzlu universitetlərinin ikili diplom,  mübadilə proqramlarında iştirak etməsi arzusu reallığa çevrilib və uğurla həyata keçirilməkdədir. 

 

İki  nüfuzlu universitetdən 2 diplom

 

Həyata keçirilən təşəbbüslərin nəticəsi olaraq 2018-ci ildə Azərbaycan Memarlıq  və İnşaat Universiteti ilə Türkiyənin nüfuzlu İstanbul Texnik Universiteti (İTU) arasında ikili diplomların verilməsinə dair müqavilənin imzalanması bu sahədə işlərin əhatəsinin genişlənməsi ilə müşayiət olunmaqdadır.  Müqaviləyə əsasən,  hər iki ali məktəbin bakalavriat səviyyəsinə “İnşaat mühəndisliyi“ ixtisası üzrə qəbul olunan tələbələr bu proqramdan yararlanırlar.  Belə ki, I və II kursu Azərbaycanda, III və IV kursu isə Türkiyədə təhsil alıb, tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzMİU və İTU-nun diplomları təqdim olunur. Təbii ki, iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək gənclərə gələcəkdə karyera qurmaq yolunda böyük stimul verir. Gələcək məzunların əmək bazarına asanlıqla inteqrasiyası üçün bu, böyük şansdır. 

 

İkili diplom alacaq tələbələr ənənəvi dərslərə başlayıb

 

Artıq 3-cü ildir ki, müqavilə əsasında AzMİU-da qəbul həyata keçirilir, hər il “İnşaat mühəndisliyi”  ixtisasını seçən 20 gənc (Azərbaycandan) bu proqram üzrə universitetə qəbul olunur. 2019-2020-ci illərdə Türkiyə Respublikasından tələbələr qəbul olmasa da, 2020-2021-ci illərdə 5, yeni tədris ilində isə 2 türk abituriyent ikili diplom proqramı üzrə AzMİU-ya daxil olub. Ötən tədris ilində COVID-19 pandemiyası səbəbindən 2-ci kursu bitirən tələbələr təhsillərini davam etdirmək üçün Türkiyəyə gedə bilməyiblər. Hazırda bu problem artıq həll olunub. 3 tələbə - Nüşabə Nadirova, Asiman Əlizadə və  Nicat Məmmədzadə Türkiyəyə yola düşüblər. Onlar təhsilin 2 ilini İTU-da davam etdirəcəklər. Pandemiya səbəbindən proqram üzrə qəbul olan Türkiyə vətəndaşları da Azərbaycana gələ bilmədikləri üçün dərslərə onlayn qoşulublar. Karantin qaydalarında nisbətən yumşalmalardan sonra ölkə xaricinə gediş-gəliş asanlaşdırıldığı üçün yeni tədris ilindən proqram üzrə AzMİU-ya qəbul olan türkiyəli tələbələr artıq universitetdə ənənəvi dərslərə başlayıblar.

 

Cari tədris ilində “İnşaat mühəndisliyi “ ixtisasına qəbul olunan və ikili diplom proqramında iştirak edən tələbələr “Azərbaycan müəllimi”nə yeni başlayan tələbə həyatlarından və ikili diplom proqramının üstünlüklərindən bəhs ediblər.

 

İnşaatçı peşəsini seçən Leyla

 

 

 

Bu il inşaat fakültəsində birinci kursa daxil olan tələbələrdən Leyla Acalova deyir ki, “İnşaat mühəndisliyi” ixtisasına olan maraq onu AzMİU-ya gətirib. Belə ki, Leyla hələ uşaq yaşlarından başqa qızlar kimi gəlinciklər, müxtəlif bər-bəzək əşyaları deyil, daha çox konstruksiyalarla maraqlanırmış. Orta məktəb illərində də doğmaları onun inşaata olan böyük marağını hiss etdikləri üçün istəyinə qarşı çıxmayıblar. Çoxlarının “qız işi deyil” deyib yan keçdiyi inşaatçı peşəsini seçən Leylaya dəstək olublar. İxtisas seçimləri zamanı AzMİU-nun “İnşaat mühəndisliyi”  ixtisasında hətta ikili diplom almaq, təhsilini Türkiyədə, İTU-da davam etdirmək şansının olması xəbəri isə onu daha da həvəsləndirib. İngilis dilini yaxşı bildiyi üçün ixtisas seçimi edərkən birinci AzMİU-nun adını yazıb.

 

 

 

İTU-da oxuyacağına çox sevinir

 

 

İkili diplom proqramı çərçivəsində İstanbul Texnik Universitetində 2 il oxumaq imkanı qazanan şanslı tələbələrdən biri də Elturan Məmmədovdur.  401 balla AzMİU-nun inşaat fakültəsinə daxil olan Elturan  belə bir şansın olması barədə ixtisas seçimi edərkən məlumat alıb:

 

- “İxtisas seçimi zamanı universitetlər arasında seçim edərkən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında AzMİU-nun öz tələbələrinə belə bir imkan yaratması xəbəri məni çox sevindirdi, birinci bu universiteti və bu ixtisası yazdım”. O,  İTU-da oxuyacağına çox sevinir, təkcə Türkiyənin deyil, dünyanın nüfuzlu universitetlərindən sayılan İTU-nun da tələbəsi olmaq şansını ona qazandıran doğma universitetinə çox minnətdardır.  

 

 

AzMİU-nu seçən türkiyəli tələbə “özünü evindəki kimi” hiss edir

 

 

Türkiyəli tələbələr də AzMİU-nu seçdiklərinə, bu proqramla 2 il Bakıda oxuyacaqlarını dərin məmnunluq hissi ilə qeyd edirlər.  Universitetdə müəllimlərin, tələbə yoldaşlarının mehribanlığından, istiqanlılığından çox razı qalan türkiyəli Emir Eminoğlu “özünü evindəki kimi” hiss etdiyini deyir. İstanbullu gənc ümumilikdə azərbaycanlıların çox qonaqpərvər olmasından, onlara hər cür yardım və dəstək göstərmələrindən ağızdolusu danışır. Dərslərə gəldikdə isə müəyyən çətiniklərin olduğunu gizlətmir. “Dərslər çox çətindir, hələ ki tam uyğunlaşa bilmirik, amma zamanla həll olunacaq”. 

 

 

 

Çətinliklər qorxutmur...

 

 

Eyni proqramla təhsil alan digər Türkiyə vətəndaşı Semih Çimen də həmyerlisinin dediklərini təsdiqləyir. O da əmindir ki, tezliklə bu çətinlikləri dəf edəcəklər, dərslərin çətinliyi onun da gözünü qorxutmur. Semih müəllimlərinin, eləcə də tələbə yoldaşlarının dəstəyi sayəsində problemlərin həll olunacağına inanır.

 

 

 

 

Oruc MUSTAFAYEV

 

 



15.10.2021 | 13:01