Şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə universitetin şəhid məzunları Oruc Nəcəfli və Kənan Abdullayevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

 

Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində tarixi Zəfərin qazanılmasından danışıb. Rektor ölkəmizin gücünü və yenilməzliyini dünyaya nümayiş etdirən, 30 illik işğala son qoyan igid əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib.  

 

Əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə tarixi ədalətin və milli ləyaqətin bərpa edildiyini vurğulayan Ş.Bayramov 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan tarixinin şanlı səhifələrini yazan şəhidlərin əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd edib.

 

Doğma torpaqlarımızın azad və firavan gələcəyi naminə canından və qanından keçən Oruc və Kənan kimi qəhrəmanların Azərbaycan gəncliyinə ən parlaq örnək olduğunu deyən rektor onların simasında bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

 

 Yüksək şücaət, fədakarlıq və vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin adlarının  əbədiləşdirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu bildirən Ş.Bayramov MDU-da şəhid məzunların təhsil aldıqları doğma məkanda tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində görülən işlərdən,  bu yöndə universitetdə yeni yaradılan TVİM-in uğurlu fəaliyyətindən söhbət açıb.

 

Sonra şəhidlər Oruc Nəcəfli və Kənan Abdullayevin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Videoçarxda qəhrəman məzunların uşaqlıq illərindən, orta məktəb və universitet xatirələrindən, keçdiyi şərəfli döyüş yollarından bəhs edilib.

 

Tədbirdə şəhid Kənan Abdullayevin anası Azadə Abdullayeva və Oruc Nəcəflinin  anası Flora Nəcəfli övladları ilə bağlı xatirələrini bölüşüblər.  

 

Sonra MDU-nun tələbə gənclərinin ifasında vətənpərlik mövzusunda monoloqlar və şeirlər səsləndirilib, qəhrəman şəhidlərimizə həsr edilən döyüş səhnələri canlandırılıb.

 



25.10.2021 | 14:23