Paytaxt məktəblərində zərərli vərdişlərə qarşı maarifləndirmə

Paytaxt məktəblərində şagirdlər narkomaniya və digər zərərli vərdişlərlə mübarizə ilə bağlı maarifləndirilir.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Zərərli vərdişlərə yox deyək!”, “Narkotiklərə yox!”, "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları” və bu kimi digər mövzularda maarifləndirici tədbirlər təşkil olunur.

 

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

 

Maarifləndirici tədbirlərdə məktəblilərə narkotik vasitələrin ziyanlarından, real örnəklərdən, istənilən tütün məmulatlarının orqanizmdə törətdiyi böyük fəsadlardan bəhs olunur. Onlara zərərli vərdişlərdən uzaq olmaq və sosial bəlalara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir.

 

Tədbirlərdə Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyi hər kəsin diqqətinə çatdırılır  və onun qarşısının alınması barədə geniş məlumatlar verilir.

 

Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.

 

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair sənədli filmlər və videoçarxlar nümayiş olunur.

 

 



27.10.2021 | 10:46