“Gənclərin qrafologiya məktəbi” layihəsinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Gənclərin qrafologiya məktəbi” layihəsinin təqdimatı olub.

 

Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev qrafologiya elmi haqqında məlumat verib. Qeyd edib ki, yazının insanın xarakteri və ağlı ilə əlaqəsi var, eləcə də o,  insanın hiss və davranışları haqqında məlumat verə bilər.

 

Hüquq fənləri kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov bildirib ki, bu elm sahəsinə dair geniş tədqiqatlar aparılır və yazının analizi ilə fizioloq, psixoloq və məhkəmə-tibbi ekspertləri maraqlanır.

 

Daha sonra kafedranın müəllimi, Naxçıvan Muxtar Respublikasının Ədliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti Emin Əliyev qeyd edib ki, əl yazısını öyrənən elm qrafologiya adlanır. Vurğulanıb ki, qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimiliyinin analizində ən etibarlı vasitə sayılır. Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadrın kimliyini təhlil edirlər. Diqqətə çatdırılıb ki, əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.

 



27.10.2021 | 14:10