Universitetdə yol hərəkətinin təhlükəsizliyinə dair seminar təşkil olunub

Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş elmi-praktiki seminar keçirilib.

 

Tədbirdə MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

 

Universitetin elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov hazırda uğurla icra edilən dövlət proqramının əhəmiyyətindən danışıb, tədbirlər planı çərçivəsində ali məktəbdə görülən və planlaşdırılan işlərdən bəhs edib. Yol hərəkətinin təhlükəsizliyinə dair nəzəri-təcrübi məsələlərin sistemli və davamlı şəkildə araşdırılmasının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb. 

 

Universitetin Mexanika kafedrasının əməkdaşlarından dosent Əlləz Əliyev “Yol hərəkətinin təhlükəsizliyi Azərbaycan üçün prioritet məsələdir”, müəllim İlham Məmmədov “Avtomobil nəqliyyatının ətraf mühitə təsiri”, müəllim Qaragöz Kərimov “Ağıllı şəhər”lər və nəqliyyat”, Mingəçevir şəhər Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili idarəsinin əməkdaşı Cuma Mustafayev “Mingəçevir şəhərində avtonəqliyyat ilə daşımalarda təhlükəsizliyin təmini haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, müasir innovativ metodların tətbiq edilməsi, ətraf mühitin qorunması tələblərinin gözlənilməsi, müvafiq maarifləndirmə, təbliğat və təşviqat işlərinin effektivliyinin yüksəldilməsi və digər məsələlərdən bəhs olunub.

 

Dövlət proqramının icrası ilə bağlı universitetin üzərinə düşən vəzifələrdən söhbət açan Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov hazırda MDU-da bakalavriat səviyyəsində Nəqliyyat mühəndisliyi və magistratura səviyyəsində Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının həyata keçirildiyini qeyd edib, bu istiqamətdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüb. 

 



27.10.2021 | 16:16