Təhsil naziri Naxçıvanda səfərdədir

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. 


Əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad edilib. 

 

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, muzeyin ekspozisiyasına baxış keçirilib. 

 

Səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olan Emin Əmrullayev və nümayəndə heyəti sözügedən təhsil müəssisəsinin nəzdində yerləşən “STEAM Tədris Mərkəzi”ndə yaradılmış şəraitlə tanış olub, məktəbin laboratoriya kabinetlərinə baxış keçirib, eyni zamanda hərbi hazırlıq dərslərinin gedişatını izləyiblər.

 

Nümayəndə heyəti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə də baş çəkib, müxtəlif yaradıcılıq dərnəklərində məşğul olan şagirdlərin əl işləri ilə tanış olub.  

 

Nümayəndə heyətinin Naxçıvana səfəri davam edir.

 



27.10.2021 | 16:50