UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə konfransı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə adlı beynəlxalq konfrans işə başlayıb.

 

UNEC, İstanbul Texnik Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı və Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrinin elm və təhsil sahəsi üzrə nümayəndələri, tanınmış alimlər iştirak ediblər.

 

Türkiyənin Bilkent Universitetinin professoru Tanses Gürsoy konfransın Bakıda, UNEC-də keçirilməsindən məmnunluğunu ifadə edib. O, tədbir barədə ətraflı məlumat verərək, konfransın şəbəkəsinin ildən-ilə genişləndiyini, dünyanın bir çox nüfuzlu jurnalları tərəfindən dəstəkləndiyini deyib.

 

UNEC-in prorektoru, professor Sakit Yaqubov qlobal dünyanın texnologiyalar və sosial kommunikasiyalardakı böyük çağırışlarla üz-üzə dayandığını, qloballaşma nəticəsində ölkələrdə maddi və virtual dünya arasında qarşılıqlı asılılığın daha da artdığını, informasiya və biliklərin mübadiləsinin qlobal sisteminin formalaşdığını bildirib. Cəmiyyətlərin strateji, sosial və iqtisadi çağırışlarına uyğun olaraq, rəqəmsal iqtisadiyyatın önə çıxdığını diqqətə çatdıran S.Yaqubov  UNEC-in elmi və beynəlxalq reytinqdə əldə etdiyi nailiyyətlərdən də danışıb.

 

Sonra Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, konfransın sədri, professor Lütfihak Alpkan çıxış edib. Məruzəçi dünyanın müxtəlif ölkələrinin alim və mütəxəssislərinin apardığı müzakirələrdən əldə olunacaq nəticələrin konfransa böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.

 

Konfransın həmsədri, Gebze Universitetinin professoru Oya Erdil beynəlxalq konfransa 15 ölkədən 63-ə yaxın məruzənin təqdim olunduğunu, onlardan 33-nün təsdiqləndiyini deyib. Məruzələrin müxtəlif sahələr üzrə aktual mövzulara həsr olunduğunu vurğulayan  O.Erdil konfransın müzakirə üçün önəmli platforma rolunu oynadığını bildirib.

 

Yıldız Texnik Universitetinin professoru, konfransın həmsədri Cemal Zehir ölkələrin iqtisadi-sosial dayanıqlığının təmin olunmasında innovasiyaların tətbiqinin zəruriliyindən danışıb, IV sənaye inqilabı, kibertəhlükəsizlik, rəqəmsallaşma, süni intellekt və 5.0 konsepsiyasının mahiyyəti barədə məlumat verib.

 

Beynəlxalq konfransa Yaponiyadan qoşulan dünyanın tanınmış alimi, Tokionın Texnologiya İnstitutunun professoru Çihiro Vatanabi sosial, iqtisadi və ekoloji problemlər üçün yeni idarəetmə perspektivi və davamlı inkişaf məqsədləri üçün maraqlı tərəflərin kapitallaşdırılmasından əldə olunan təcrübələr barədə  təqdimatla çıxış edib. Alim risklərin transformasiyasının innovasiyalarla bağlılığını, risklərin idarəedilməsini, tədqiqat və inkişaf şirkətlərinin transformasiyalara təsirini, dayanıqlı inkişaf məqsədlərini təhlil edib. Həmçinin qlobal şirkətlərin nümunəsində risklərin brendin dəyərinə, eləcə də inkişaf dinamikasına, maliyyə strukturuna təsirini analiz edib.

 

Maraqla qarşılanan təqdimatdan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

 

Beynəlxalq konfrans öz işini oktyabrın 30-dək davam etdirəcək.

 



28.10.2021 | 18:34