“Azərbaycan məktəbi” jurnalının yeni sayı çapdan çıxıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan məktəbi” jurnalının 2021-ci il üçün 3-cü sayı çapdan çıxıb. Jurnal Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilati dəstəyi  və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə işıq üzü görüb. Jurnalın bu sayında da məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması prinsipi gözlənilib. Bu məqsədlə müasir standartlara, monitorinq və qiymətləndirməyə, təhsil islahatının tələblərinə, məzmun və mahiyyətinə uyğun elmi-nəzəri, pedaqoji məqalələrə üstünlük verilib.

 

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamında Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birlikdə tədbirlər planı hazırlayıb həyata keçirməsi qərara alınmışdır. Sərəncama uyğun olaraq, Nazirliyin tapşırığına əsasən redaksiya tətbiqi riyaziyyat və süni intellekt nəzəriyyəsinin bir sıra əsas elmi istiqamətlərinin banisi olan L.Zadə haqqında məqalələr sifariş verib. Jurnalın 3-cü sayında bu məqalələrdən biri - AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun, texnika elmləri doktoru, professor Ramin Rzayevin və texnika üzrə fəlsəfə doktoru Xanmurad Abdullayevin “Lütfi Zadənin irsi və qeyri-səlis məntiqin humanistik sistemlərin davranışlarının öyrənilməsində əhəmiyyəti” sərlövhəli məqalələri dərc olunub. Oxucular bu dəfə həmçinin Sevinc Rüstəmovanın “Azərbaycanda inklüziv təhsil: xüsusi təhsil ehtiyacları olan şagirdlərin inklüziv təhsil müəssisələrindəki təcrübələri”, Fəridə Hüseynovanın “Tələbələrin ingilis dili bacarıqlarının qiymətləndirilməsində çətinliklər və müasir tələblər”, Tehranə Xudaverdiyevanın “İnklüziv təhsildə təlimin təşkili prinsipləri: perspektivlər və nəticələr”, Fidan Sarıbəylinin “Şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarının formalaşdırılması metodları”, Sevinc İbadovanın “Müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə beynəlxalq modellər və Azərbaycan üçün təkliflər”, Qadir Qafarovun “Azərbaycanda peşə təhsili müəssisələrinin təhsilalanlar kontekstində qiymətləndirilməsi”, Firuzə Sadıqovanın “Təhsildə motivasiya və özünəinamın formalaşdırılması”, Hümeyir Əhmədovun “Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının tarixi və müasir vəziyyəti”, İntiqam Cəbrayılovun “Təhsilin nəzəriyyəsi və tarixi: fəaliyyətin trayektoriyası” sərlövhəli və s. məqalələri oxuya bilərlər.

 

Jurnal pedaqogika, psixologiya elmlərinin praktikaya tətbiqi, klassik pedaqoji fikir və məktəb tariximizin tədqiqi və öyrədilməsi məsələlərinə dair nəzəri-pedaqoji yazılara, təhsilin bütün pillə və səviyyələrinin müasir standartlar əsasında yenilənməsi, habelə təhsil sahəsində dövlət siyasətinin və təhsilə aid qəbul olunan dövlət proqramlarının icrası, fasiləsiz təhsilin həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, təhsil strategiyası, təhsil proqramları, insan kapitalının stimullaşdırılması və s. ilə bağlı məqalələrin nəşrini davam etdirir.

 



31.10.2021 | 11:15