MDU Kiyev Milli İqtisadiyyat Universitetinin yubileyində təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) 115 illik yubiley mərasimində iştirak edib.

 

Yubileydə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri, elm və təhsil nazirinin müavini, Mərkəzi Bank və digər dövlət qurumlarının nümayəndələri, xarici və yerli universitetlərin rektorları, özəl şirkətlərin rəhbərləri və  universitetin tanınmış məzunları iştirak ediblər.

 

KNEU-nun rektoru Dmytro Lukianenko rəhbərlik etdiyi universitetin keçdiyi tarixi inkişaf yolundan və əldə edilən uğurlardan danışıb. Ukrayna ali təhsil məkanında KNEU-nun mövqeyinin ildən-ilə gücləndiyini vurğulayan D.Lukianenko universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın inkişafı və ali təhsil proqramlarının beynəlxalq akkreditasiyası istiqamətində görülən işlərdən, qarşıda duran strateji hədəflərdən bəhs edib.

 

Tədbirdə çıxış edən MDU-nun rektoru Ş.Bayramov dost ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan KNEU-nun yubiley mərasimində iştirakdan məmnunluğunu ifadə edib. Ukraynada  ali təhsil sistemində özünəməxsus yerə malik KNEU-nun ölkənin biznes və iqtisadiyyat profilli aparıcı ali təhsil müəssisəsi olduğunu vurğulayan Ş.Bayramov hazırda tərəfdaş universitetin minlərlə məzununun milli iqtisadiyyatın ümumi inkişafına əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb.

 

Yubiley çərçivəsində MDU və KNEU arasında əməkdaşlıq memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim olunub.

 

Bildirilib ki, hər iki universitet üçün qarşılıqlı maraq doğuran sahələrdə potensial əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan memorandum tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətləri əhatə edir.

 



29.10.2021 | 17:37