Türkiyəli professorların iştirakı ilə elmi-praktiki seminar

Mingəçevir Dövlət Universitetində (MDU) “Ali təhsil müəssisələrində elmi fəaliyyətin təşkili: Türkiyə universitetlərinin təcrübəsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

 

Microsoft Teams platforması üzərindən onlayn formatda təşkil edilən seminarda MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev son dövrdə universitetdə elmi fəaliyyətin səmərəliliyinin və nəticəyönümlülüyünün artırılması istiqamətində görülən işlərdən bəhs edib, yeni yaradılan şöbənin fəaliyyətindən və “Dayanıqlı inkişaf” elmi jurnalının təsis olunmasından danışıb. MDU-nun tədqiqat universitetinə çevrilməsinin strateji hədəflərdən biri olduğunu vurğulayan V.Mustafayev bu istiqamətdə Türkiyə ali məktəblərinin təcrübəsinin öyrənilməsi baxımından seminarın əhəmiyyətini qeyd edib.

 

Sonra MDU-da fəaliyyət göstərən Qazi Universitetinin professorları- Ercan Nurcan Yılmaz və Cemal Yılmaz məruzələrlə çıxış ediblər. Məruzələrdə onlar nüfuzlu elmi nəşrlərdə məqalələrin qəbul edilməsi üçün nəzərə alınan başlıca meyarlardan söhbət açıb, elmi-tədqiqat işlərinin və məqalələrin müasir tələblərə uyğun yazılması, tədqiqat işlərində ədəbiyyatlardan və mənbələrdən düzgün istifadə edilməsi, plagiata yol verilməməsi, elmi etika və müəlliflik hüququnun gözlənilməsi barədə təcrübələrini bölüşüblər.

 

Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

 

Qeyd edək ki, Türkiyənin Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində elektrik və elektronika mühəndisliyi, informasiya təhlükəsizliyi sahələri üzrə professorlar Ercan Nurcan Yılmaz və Cemal Yılmaz cari tədris ilində MDU-nun mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.

 



01.11.2021 | 16:06