Bakı Ali Neft Məktəbi ilə Boğaziçi Universiteti arasında Anlaşma memorandumu

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Boğaziçi Universitetinin rektoru, professor Naci İnci, prorektor, professor Gürkan Kumbaroğlu və baş katibin müavini, dosent Nedim Malkoç ilə görüşüb.

 

E.Qasımov BANM-in uğurlarından bəhs edib, bildirib ki, bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir.

 

Rektor BANM tələbələrinin yerli və xarici şirkətlərdə yüksək səviyyədə istehsalat təcrübəsi keçdiklərini vurğulayıb.

 

Görüşdə ali məktəblər arasında ikili diplom proqramının həyata keçirilməsi geniş müzakirə olunub.

 

Boğaziçi Universitetinin rektoru, professor Naci İnci Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.

 

Gürüşdə iki ali məktəb arasında Anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq sənədini BANM-in rektoru Elmar Qasımov və Boğaziçi Universitetinin rektoru, professor Naci İnci imzalayıblar.

 

Anlaşma memorandumunun məqsədi hər iki müəssisənin professor-müəllim heyəti və tələbələri arasında təhsil yönümlü, professional və mədəni fəaliyyətləri dəstəkləyərək beynəlmiləllik anlayışını, təqaüd üzrə əməkdaşlığı, mədəniyyətlərarası inteqrasiyanı və dostluq münasibətlərini önə çəkməkdir.

 

Anlaşma memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri, digər informasiya materiallarının mübadiləsi, eyni zamanda qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.

 



02.11.2021 | 17:01