BDU İtaliyanın Trento Universiteti ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Bu məqsədlə BDU ilə İtaliyanın Trento Universiteti arasında Anlaşma memorandumu imzalanıb.

 

Memorandum universitetlər arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində birgə əməkdaşlığın qurulmasını nəzərdə tutur.

 

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Trento Universitetinin rektoru Flavio Deflorian imzalayıb. Müqavilənin mǝqsǝdi tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, kadrların mübadiləsinin həyata keçirilməsi, adıçəkilən sahələrdə və qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfranslar, sərgilər, seminarlar, simpoziumlar, təlimlərin birgə təşkili və keçirilməsindən ibarətdir.

 

Məlumat üçün bildirək ki, Trento Universitetinin əsası 1962-ci ildə qoyulub, QS Dünya Universitetləri Reytinq Cədvəlində 440-cı yeri tutur. Hazırda universitetdə 16000-dən çox tələbə təhsil alır. Sözügedən universtetdə 600-ə yaxın professor və tədqiqatçı, eyni sayda texniki və inzibati heyət var.

 

 



03.11.2021 | 10:02