“Hərb tariximizin ən parlaq səhifəsi” adlı dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Zəfər Gününə həsr olunmuş “Hərb tariximizin ən parlaq səhifəsi” adlı dəyirmi masa təşkil edilib.

 

Tədbirdə ADPU-nun rəhbərliyi, prorektorlar, dekanlar, kafedra və şöbə müdirləri, professor-müəllim heyəti və tələbələr, şəhid ailələrinin üzvləri, Vətən müharibəsində döyüşmüş tələbə və məzunların bir qismi iştirak ediblər.

 

Tədbirin moderatoru, ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirovanın açılış nitqindən sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sonra çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov Azərbaycanın zəngin tarixi dövlətçilik irsindən söz açıb. Bildirib ki, Vətən müharibəsindəki qələbə dünyaya  Azərbaycan xalqının və ordusunun gücünü göstərdi:”Qələbəni şərtləndirən amillər sırasında möhkəm daxili ictimai-siyasi sabitlik, güclü hərbi potensial və əlverişli geosiyasi vəziyyətlə yanaşı, gənclərin vətənpərvərlik tərbiyəsi də müstəsna yer tutur”. Rektor Vətən müharibəsində universitetin 180  tələbə və məzununun iştirak etdiyini, onlardan da 12 nəfərin şəhadət zirvəsinə yüksəldiyini bildirib:”Bu məzunlarımız haqqında universitet tərəfindən kompleks məlumatlar toplanılır və baza yaradılır”.

 

Pedaqoji Universitetin şəhidlərinə həsr olunan videoslaydın nümayişindən sonra Vətən müharibəsi şəhidi Ələddin Səidovun atası Azər Səidov çıxış edərək Allahdan şəhidlərə rəhmət, qazilərə sağlamlıq, xalqımıza səadət arzulayıb.

 

ADPU-nun məzunu, Vətən müharibəsi qazisi Taleh Quliyev isə qeyd edib ki, biz ölməyə yox, öldürməyə, Vətəni azad etməyə getmişdik:”Şəhid ailələrinə demək istəyirəm ki, onların övladları ən şərəfli zirvəyə yüksəlib, torpaqlarımız şəhidlərimizin qanı hesabına işğaldan azad edilib”.

 

Vətən müharibəsinin ilk günü şəhid olan pilot Abbas Qasımovun bacısı Pünhanə Vəliyeva bildirib ki, şəhid olan igidlərin sayəsində birinci vəzifə yerinə yetirilib, ərazi bütövlüyümüz, təhlükəsizliyimiz bərqərar olub:” Bu gün isə ikinci böyük vəzifə torpağın üstündə gəzən igidlərin, siz gənclərin çiyinlərinə düşür. Bu Vətənin müstəqilliyini əbədi qorumaq və gələcəyə aparmaq sizin vəzifənizdir”.

 

Daha sonra tarix və coğrafiya fakültəsinin tələbəsi Hülya Ağazadə Zəfər Gününə həsr olunmuş şeir səsləndirib.

 

Tədbirin sonunda universitetin tədris binasının həyətyanı sahəsində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

 



03.11.2021 | 14:05