Aqrar Sığorta Fondu UNEC-lə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Aqrar Sığorta Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

UNEC rektoru, professor Ədalət Muradov və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov arasında imzalanan sənəddə tələbələrin təcrübələrinin təşkili, məzunların işlə təmin olunması, sertifikatlı yay təcrübə proqramlarının keçirilməsi, təhsil və aqrar sığorta sahələrində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. Memoranduma əsasən, qurumlar arasında menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlər keçiriləcək, sosial layihələr və birgə innovasiyalar icra olunacaq, konfrans və seminarlar təşkil ediləcək, eləcə də ictimai əhəmiyyət kəsb edən təşəbbüslər dəstəklənəcək.

 

İmzalanma mərasimində çıxış edən professor Ədalət Muradov tələbələrin təcrübələrinin təşkili üçün əlverişli mühitin yaradılmasının, eləcə də məzunların işlə təmin olunmasının vacibliyindən danışıb. Əmək bazarının seqmentləşdiyini diqqətə çatdıran rektor universitetlərin kadr hazırlığını əmək bazarının tələblərinə uyğun aparmamalı olduğunu bildirib: “Hər bir universitet öz gələcəyini necə görürsə, həmin modelin reallaşdırılmasına doğru hərəkət etməlidir”.

 

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkədə aqrar sığortanın əhatə dairəsinin sürətlə genişləndiyini vurğulayaraq, bu istiqamətdə tətbiq olunan yeniliklərdən söz açıb. UNEC-lə əməkdaşlıqdan məmnunluğunu ifadə edən fond sədri memorandumun hər iki tərəf üçün faydalı olacağını bildirib.  

 



03.11.2021 | 16:36