ŞƏRƏF və QÜRUR GÜNÜmüz

Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatlarına cavab olaraq Müzəffər Azərbaycan Ordusunun işğalçılara qarşı bir-birindən uğurlu əks hərbi əməliyyatları Vətənimizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Uzun illər işğal altında olan əzəli torpaqlarımız azadlığına qovuşdu. Dövlətçiliyimizin, milli kimliyimizin, milli qürurumuzun təcəssümü olan Dövlət Bayrağı bu gün işğaldan azad edilən bütün torpaqlarımızda dalğalandırılır. Ölkə rəhbərliyinin məqsədyönlü və davamlı fəaliyyəti ilə həmin ərazilərdə bərpa işlərinə başlanılıb; Vətən torpaqlarına Böyük Qayıdışa hazırlıq işləri görülür.


Bir il əvvəl düşmən üzərində əldə olunan böyük Zəfər xəbəri xarici ölkələrdə təhsil alan və milli maraqlarımız naminə fəal iş aparan azərbaycanlı gənclərə də sevinc və fəxarət hissləri bəxş etdi. Xalqımıza şərəf və qürur yaşadan Zəfərimiz xaricdə təhsil həyatlarını davam etdirən gənclərin yaddaşında necə qaldı?

 

“Azərbaycan hazırda özünün şərəfli tarixini yaşayır”

 

“2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  İtaliyanın  Roma La Sapiensa Universitetində Elektrik mühəndisliyi ixtisası üzrə doktorantura (PhD) təhsili alan Orxan Kərimzadə qeyd edir ki, Azərbaycan hazırda özünün şərəfli tarixini yaşayır:


- Müharibə dövründə İtaliyada təhsilimi davam etdirirdim. Mənim kimi xaricdəki bütün həmvətənlərimizin də gözü xəbərlərdə, sosial şəbəkələrdə idi;  yeni xəbərlər gözləyirdik. Sevindirici hal idi ki, bu dövrdə informasiya axını çox peşəkarcasına tənzimlənirdi və xalqımız bütün məlumatları dövlət informasiya resurslarından operativ, şəffaf şəkildə ala bilirdi. Mütəmadi olaraq ətrafımızdakı xarici dostlarımızı bu mövzuda məlumatlandırmağa çalışırdıq. Müharibə nə qədər arzuolunmaz və itkili bir proses olsa da, Qələbə sevinci bir o qədər şərəfli və qürurvericidir.  Bu yolda şəhid olan qardaşlarımız və onların ailələrinə ömür boyu borclu olacağıq.

 

 

“Biz  qələbə xəbərini səbirsizliklə gözləyirdik”

 

“2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın Berlin Texnik Universitetində Kompüter elmləri-süni intellekt ixtisası üzrə doktorantura təhsili alan Günay Kazımzadə də xaricdə uğurlu təhsil həyatı yaşayan fəal gənclərimizdəndir:


- Biz Vətən müharibəsi zamanı cəbhədə baş verən hadisələri, sadəcə izləməklə kifayətlənmədik. Həm də aktiv şəkildə xaricdə təhsil alan, fəaliyyət göstərən  gənclər kimi informasiya müharibəsində iştirak etdik. Bir tədqiqatçı olaraq  ölkədəki nazirliklərə, əməkdaşlıq etdiyimiz bütün qurumlara müharibə barədə həqiqətlərin, istər sosial media üzərindən, istərsə də canlı olaraq çatdırılmasında, düzgün informasiyaların ötürülməsində aktiv şəkildə iştirak etdik. Torpaqlarımızın düşməndan azad olunması və Müzəffər Ordumuzun Qələbə soraqlı Zəfər xəbərini aldığımız gecəni yatmadıq. Biz bu qələbə xəbərini səbirsizliklə gözləyirdik.


Zəfərdən sonra da biz Azərbaycanın haqlı mövqeyini ölkə ictimaiyyətinə çatdırmaqda, milli maraqlarımızın müdafiəsi yönündə fəaliyyətimizi davam etdirdik. Xarici ölkədə Azərbaycanın bir kiçik “səfir”i kimi bu gün də təbliğat işimizi davam etdiririk. 

 

  Oruc MUSTAFAYEV    

 



04.11.2021 | 14:42