Məktəbəqədər təhsil

Məktəbəqədər yaş dövrünün önəm daşımasının səbəbləri bir çox elmi araşdırmalarda öz əksini tapır. 0-5 yaş dövründə insan beyni çox sürətlə dəyişir və inkişaf edir (Shonkoff & Phillips, 2000). Bu yaşda beynin sürətli inkişafı və çevikliyi nəticəsində uşaq ətraf mühitin təsirlərinə məruz qalır və  məhz bu dövrdə koqnitiv, fiziki və sosial-emosional bacarıqları formalaşır (Furman & Bordoff, 2008). Anadan olandan 5 yaşa qədər əsası qoyulan bacarıqlar uşağın gələcək inkişafının təməl daşını təşkil edir. Müsbət ətraf mühit və öyrənmə imkanları uşaqların gələcəkdəki uğur və nailiyyətlərinin əsasını qoyur, bunun əksi olan neqativ təsirlər və münasibətlər isə uşağın inkişaf imkanlarını azaldır (Shonkoff et al., 2012).

 

Erkən yaşda təhsilin önəmliliyi

 

“Head Start” Proqramı, “Perry” Məktəbəqədər Təcrübə Proqramı  və “Abecedarian” layihəsi bir çox ölkələrdə erkən yaşda təhsilə qoyulan sərmayənin bir sıra sosial təsirlərini aşkar etmişdir:

 

- Uşaqların akademik göstəriciləri yaxşılaşır, məktəbdən məzun olmaq imkanı yüksək olur;

 

- Uşaqların akademik fəaliyyətinə təsir edən yalnız koqnitiv (idraki) və digər bacarıqları deyil, həmçinin onların gələcək həyatdakı uğur və məhsuldarlığı üçün zəmin yaradır;

 

- Uşaqların erkən yaşında onlara qoyulan sərmayə gələcəkdə böyük gəlir gətirir;

 

- Gələcəkdə uşaqlar arasında cinayətlərin, pis vərdişlərin azalmasına və buna sərf olunacaq iqtisadi xərclərin azaldılmasına səbəb olur (Santina & Siciliab, 2018). 

 

Beynəlxalq qiymətləndirmədə məktəbəqədər təhsil

 

Daha keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunan uşaqlar məktəb həyatına hazırlıqlı və akademik göstəriciləri yüksək olur. PISA (Program for International Student Assessment - 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsindəki nailiyyətlərini ölçür) beynəlxalq qiymətləndirmə proqramı göstərir ki, erkən təhsilə cəlb olunan uşaqlar 15 yaşında oxu üzrə yüksək nailiyyətlər əldə edir.  2015-ci ildə keçirilmiş PISA nəticələrinin təhlili hətta uşaqların məktəbəqədər təhsil müəssisələrinə neçə il getməsinin  də önəm daşımasını önəmsəyir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə 3 il və daha artıq erkən təhsilə başlamış uşaqlar oxu, riyaziyyat və təbiət elmləri üzrə bu təhsilə cəlb olunmamış yaşıdalarına nisbətən 50 və daha yuxarı bal topladığını göstərir (OCED, 2018). 

 

Digər beynəlxalq qiymətləndirmə proqramı olan “PIRLS  2016”da (Program for International Reading Literacy Study - 4-cü siniflər arasında oxuyub-anlama bacarıqlarını ölçür) iştirak etmiş ölkələrdə valideynlər arasında aparılmış sorğuya əsasən 59% uşaq 3 il və ya daha (oxuyub anlama üzrə nailiyyət - 520 bal) çox məktəbəqədər təhsilə cəlb olunur. Bundan başqa 18% uşaq  2 il (oxuyub anlama üzrə nailiyyət - 507 bal), 12% uşaq 1 il (oxuyub anlama üzrə nailiyyət - 498 bal) bu təhsilə cəlb olunublar. 11%  uşaq (oxuyub anlama üzrə nailiyyət - 472 bal) ümumiyyətlə, məktəbəqədər təhsildən kənar qalıb (Mullis et al., 2017).

 

Həmçinin “PIRLS 2016”ya görə bir çox ölkələrdə məktəbəqədər təhsil icbaridir (Danimarka, Latviya), bəzilərində icbari olmasa da erkən təhsilə cəlb olunma 100% (İrlandiya, Çexiya, Fransa) əhatə edir.   Digər ölkələr də bu sahədə bir çox işlər görürlər.  Bəzi ölkələrdə ibtidai təhsil gec yaş aralığında başladığı üçün uşaqların məktəbəqədər təhsilə daha çox müddətə cəlb olunma imkanları olur (Finlandiya, Litva, İsveçdə uşaqların məktəbə başlama yaşı 7-dir) (Mullis et.al, 2017).

 

 

 

Müxtəlif ölkələrdə məktəbəqədər təhsil

 

Yuxarıda qeyd edildiyi kimi, beynin inkişafı ilə bağlı onilliklərlə aparılmış araşdırmalara əsasən erkən yaşlarda öyrənmə uşağın həyatı boyu inkişafına müsbət təsir edir. İlk bir neçə il ərzində formalaşan rəngləmə fəaliyyətindən  tutmuş hesablama fəaliyyətlərinə qədər beyindəki neyronların birləşərək yaratdığı “cığırlardan” istifadə edir.  Bu yanaşma məktəbəqədər təhsillə bağlı bir çox ölkələrin təhsil siyasətinin formalaşmasında nəzərə alınıb (Burlacu, 2013).

 

Oyunlar, rəsm, musiqi vasitəsilə məktəbəqədər yaşlı uşaqlar ətraf mühit, yaşadıqları həyat haqqında öyrənir və kəşf edirlər. Bir çox nəzəriyyəçilər bütün uşaqların erkən yaşda təhsilə cəlb olunmasının arzu olunan olduğunu vurğulayırlar, bu, daha çox sosial cəhətdən həssas ailələrdən olan uşaqlar üçün xüsusilə önəmlidir (Burlacu, 2013).

 

Erkən yaşlarda olan öyrənmə uşaqlarda əqli və konseptual (“böyük fikirlər”) inkişaf,  nitqin inkişafı, uşaqların fiziki sağlamlığı, onlarda özgüvən və özünü qiymətləndirməni təşviq edən sosial-emosional bacarıqların inkişafı, davranışın yaxşılaşmasına müsbət təsir edir. Bir çox elmi sübutlar göstərir ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqlar bu təhsilə cəlb olunmayanlardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Birincilərdə  oyun vasitəsilə verbal ünsiyyət, sosial bacarıqlar, oyun zamanı yaradıcı düşünmə, təxəyyülün güclü olması, problemin həlli bacarıqları daha yüksək səviyyədə olur (Burlacu, 2013).

 

Avropa Birliyi ölkələri  məktəbəqədər təhsilə böyük önəm verir. 4-5 yaş arasında məktəbəqədər təhsil alan uşaqların faizi Avropa Birliyi ölkələrində olduqca yüksəkdir. 2000-ci ildən etibarən 85%-ə çatdıqdan sonra tədricən 2010-cu ildə 92%-ə yüksəlib. Ancaq Avropa Birliyi 2020-ci illərə qədər  bu  hədəfi 95%-ə çatdırmağı nəzərdə tutur (Burlacu, 2013).

 

Əksər Avropa ölkələrində məktəbəqədər təhsil pulsuzdur. Finlandiyada yeni məktəbəqədər təhsil proqramı təhsil planının hazırlanması üçün fərdi və ya qrup şəklində valideynlərlə əməkdaşlığa yönəlmişdir. Bu plan uşağın böyüməsi və inkişafı üçün əldə ediləcək məqsədlər, güclü və zəif tərəflərinin qiymətləndirilməsi kimi fərdi inkişafdakı əsas faktorları müəyyən etməlidir. Yerli şərait və profilə uyğun olaraq milli məktəbəqədər təhsil proqramının standartlarına əsaslanaraq  hər bir məktəbəqədər təhsil müəssisəsi detallı proqram hazırlaya bilər.

 

İsveçdə 1995-ci ildən bələdiyyələrin işləyən və ya oxuyan valideynlərin 1 yaşdan 12 yaşa qədər olan bütün uşaqlarını dövlət və ya özəl təhsil müəssisələrində yerləşdirmək öhdəliyi var. 

 

Fransada məktəbəqədər təhsil təhsilə qeyri-bərabər çıxışın azaldılmasında əhəmiyyətli bir amil olaraq görülür. Buna görə də azyaşlı uşaqları olan bütün ailələrin mədəni, sosial, etnik və coğrafi mənşəyindən asılı olmayaraq uşaqlarını məktəbəqədər təhsil müəssisəsinə yazdırmaq hüququ tanınır. Almaniyada məktəbəqədər təhsil müəssisələrində uşaqların və ailələrin gündəlik təcrübələrinə daha böyük əhəmiyyət verilir. Valideynlərin öyrənmə prosesində iştirakı uşaq bağçalarının icma həyatına inteqrasiyasında önəm daşıyır (Burlacu, 2013).

 

2019-cu ilin statistikasına görə Fransa və İngiltərədə uşaqların 100%-i məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur.  Belçika, Danimarka, İspaniya, Estoniya, Latviya, İtaliya, Hollandiya, İsveç kimi ölkələrdə 90-98% məktəbəqədər təhsilə cəlb olunma qeydə alınıb.

 

 

 

 

Azərbaycanda məktəbəqədər təhsil

 

Uşaqların intellektual, fiziki və psixoloji inkişafında, şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olan məktəbəqədər təhsil Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biridir. Bundan irəli gələrək Azərbaycan Respublikası Təhsil Nazirliyi 2015-ci ildə 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı təşkil etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli 271 nömrəli qərarına əsasən 2016/2017-ci tədris ilindən başlayaraq 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunma səviyyəsinin mərhələlərlə 90%-ə çatdırılması nəzərdə tutulur.

 

2016-cı ildə məktəbəhazırlıq qruplarının 1-ci sinif şagirdlərinin nailiyyətlərinə təsirini ölçmək üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu araşdırma aparmışdır. Araşdırma 1097 nəfər  1-ci sinif şagirdləri  arasında keçirilmiş və onların Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılmışdır. Bu şagirdlərin hər iki fənn üzrə nəticələri nəzarət qrupuna daxil olan məktəbəhazırlıq keçməmiş həmyaşıdlarına nisbətən daha yüksək olmuşdur (Azərbaycan Respublikasının Təhsil İnstitutu, 2016).

 

0-5 yaş aralığı uşaqların koqnitiv, sosial-emosional, fiziki inkişafının ən kritik dövrü olduğu üçün məktəbəqədər təhsil 5 yaşlıları əhatə edən məktəbəhazırlıq qrupları ilə məhdudlaşa bilməz. Nəzərə alsaq ki, “Öyrənmə anadan doğulandan başlayır”, erkən öyrənmə daha aşağı yaşdan başlamalıdır. Hal-hazırda erkən yaşda öyrənmə Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət uşaq bağçalarında, özəl uşaq təhsil mərkəzlərində, körpələr evi, körpələr evləri-uşaq bağçalarında  həyata keçirilir. Azərbaycanda  dövlət və qeyri-dövlət  məktəbəqədər təhsil müəssisələrinin  və bu müəssisələrə gələn uşaqların ümumi sayı 2019-cu ilin əvvəlinə  aşağıdakı kimidir (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2021) (Cədvəl 1).

 

Statistik rəqəmlərdən də göründüyü kimi, 80%-ə yaxın uşaq məktəbəqədər təhsildən kənarda qalır ki, bu da onların gələcəkdə həm təhsil nailiyyətlərinə, fiziki, sosial-emosional inkişafına, həm də, ümumiyyətlə, həyat üçün önəmli bacarıqların əldə olunmasına mənfi təsir edir. Cədvəl şəhər və kənd üzrə məktəbəqədər təhsil müəssisələrinin qeyri-bərabər paylandığını və çox sayda azyaşlı uşaqların bu təhsildən kənar qalmasını göstərir.

 

2017-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutu pilot olaraq UNICEF-in Azərbaycan ofisinin maliyyə dəstəyi ilə məktəbəqədər təhsil müəssisələrinin olmadığı 10 rayonun 50 kəndində ümumtəhsil məktəblərinin nəzdində İcma Əsaslı Məktəbəqədər Təhsil mərkəzlərini açdı. 

 

Layihənin əsas məqsədi məktəbəqədər təhsilin əhatəliliyini artırmaq, valideynləri erkən uşaq inkişafı prosesinə cəlb etmək, onları maarifləndirmək və valideyn-məktəb, icma-məktəb münasibətlərini yaxşılaşdırmaqdır.

 

2018-ci ildə layihə genişlənərək Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə daha 50 kənddə ümumtəhsil məktəblərinin nəzdində İcma Əsaslı Məktəbəqər Təhsil Mərkəzləri fəaliyyətə başladı.

 

Hal-hazırda 55 şəhər və rayonu əhatə edən 700 ümumtəhsil orta məktəblərinin nəzdində fəaliyyət göstərən 15000-ə yaxın 3-4 yaşlı uşağın cəlb olunduğu 850 İcma Əsaslı Məktəbəqədər Qruplar fəaliyyət göstərir.

 

Mərkəzlərin fəaliyyəti. Mərkəzlərdə məşğələlər 2-2.5 saat olmaqla həftədə 4 gün həyata keçirilir. Hər mərkəzə 20-yə yaxın 3-4 yaşlı uşaq cəlb olunur.

 

Proqram. Bütün mərkəzlər müvafiq mebel, fiziki inkişaf üçün isveç divarı, idman ləvazimatı, erkən uşaq inkişafı ilə bağlı müxtəlif öyrədici materiallar, oyuncaqlarla təmin olunub. Mərkəzlərdə məşğələlər 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilinin məzmun standartları əsasında eston və yerli mütəxəssislər tərəfindən hazırlanmış proqrama uyğun olaraq aparılır. Proqramdakı məşğələlər uşaqların koqnitiv, sosial-emosional, fiziki, nitq bacarıqlarını əhatə edən məzmuna malikdir. Oyun təcrübə əsaslı öyrənmə proqramının ana xəttini təşkil edir. Proqramda keçilən mövzular ətraf mühit, ümumi bilik, incəsənət, nitq, kiçik və böyük motorikanın inkişafına xidmət edən məşğələlər əsasında inteqrativ şəkildə öyrədilir.

 

Erkən yaşda öyrənmənin təsirlərini ölçmək üçün layihə çərçivəsində bir sıra araşdırmalar həyata keçirilmişdir.

 

2019 və 2020-ci illərdə övladları icmaəsaslı məktəbəqədər təhsilə cəlb olunan valideynlər arasında sorğular aparılmış və bu təhsilin uşaqlara təsirləri ölçülmüşdür. Sorğuda 464 valideyn (93.3%  qadın və  6.7% kişi) iştirak edib. Hər iki halda respondentlər övladlarında aşağıdakı sahədə müsbət dəyişiklikləri müşahidə ediblər (Cədvəl 2.).

 

Bundan başqa,  2020-2021-ci illər ərzində İcma Əsaslı Məktəbəqədər Təhsil Mərkəzində erkən inkişaf proqramına cəlb olunmuş 3-5 yaşlı uşaqlar və onların valideynləri arasında  tədqiqat keçirilmişdir. Tədqiqatın əsas məqsədi “İcma Əsaslı Məktəbəqədər Təhsil Mərkəzləri”ndə tətbiq edilən erkən inkişaf proqramının səmərəliliyini müəyyən etmək və valideynlərin uşaqlarının erkən inkişafı ilə bağlı təsəvvürlərinin (tərbiyə üslubları) və sosial-iqtisadi, demoqrafik göstəricilərin onların inkişafı ilə əlaqəsini müəyyən etməkdir. Tədqiqat Azərbaycanın 9 rayonunda (25 icmada) erkən təhsilə cəlb olunmuş 3-5 yaşlı 486 uşaq və 435 valideyn arasında keçirilmişdir. Tədqiqatın əsas fərziyyəsi ondan ibarət idi ki, alternativ məktəbəqədər təhsil mərkəzlərində tətbiq edilən erkən inkişaf proqramı uşaqların erkən inkişafına müsbət təsir edir. Daha dəqiq desək, erkən təhsilə cəlb olandan əvvəl və sonra uşaqların 8 əsas inkişaf sahəsi üzrə göstəricilərində (böyük və kiçik motor, nitqin ifadə olunması və başa düşülməsi, audio və vizual diqqət və hafizə, özünə xidmət bacarığı və sosial bacarıqlar) və ümumi biliklərində müsbət dəyişikliklər müşahidə edilir. Eyni zamanda, tədqiqat göstərir ki, valideynlərin erkən tərbiyə üslublarına (valideynlik) dair yanaşmaları, sosial-iqtisadi, demoqrafik göstəriciləri ilə uşaqlarının erkən inkişaf göstəriciləri arasında əlaqə vardır.

 

Tədqiqatın nəticələrinə əsasən uşaqların erkən təhsil təcrübəsindən əvvəl və sonra onların 8 psixi inkişaf göstəriciləri və ümumi bilik üzrə nəticələrində müsbət tendensiya müşahidə edilir (hər şkala üzrə p=0.00). Eyni zamanda, valideynlərin sosial-iqtisadi göstəriciləri arasında sadəcə valideyninin yaşı və uşaqların nitqin ifadə olunması (-.121) və nitqin başa düşülməsi bacarıqları (-.114)  arasında əlaqə mövcuddur. Əlavə olaraq, tədqiqat nəticəsində müəyyən edildi ki, valideynlərin əsas üstünlük verdikləri tərbiyə üslubları uşaqlar üçün erkən öyrənmə mühitinin yaradılması idi. Valideynlərdən 84.3 faizi evdə uşaq kitabının olduğunu, 46.7 faizi isə hər gün uşaqlarına kitab oxuduğunu vurğuladı. Evdə oxu mühiti və erkən inkişaf göstəriciləri (kiçik motor bacarıqları, nitqin ifadə edilməsi və başa düşülməsi, vizual diqqət və hafizə və özünəxidmət bacarıqları) arasında da müsbət korelyasiyalar mövcud idi (Cədvəl 3.)

 

Beləliklə, hər iki araşdırma  erkən yaşda uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının müsbət təsirlərini əks etdirir və uşaqların məktəbəqədər təhsilə daha tez cəlb olunmasını labüd edir.

 

 

 

 

 

 

İlahə RƏSULOVA,

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı

 



05.11.2021 | 10:28