AzMİU-da “Zəfər Günü”

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə universitetin rektorluğu, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri olan tələbələr və şəhid ailələri iştirak ediblər.

 

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova  Zəfər Günü münasibəti ilə xalqımızı təbrik edib, bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir:”Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi”.

 

Rektor universitetin tələbə və məzunlarının Vətən müharibəsində iştirak etdiyini, 24 gəncin şəhid olduğunu deyib,  daha sonra yenilənən Şəhidlər Guşəsi barədə məlumat verib. Qeyd edib ki, Birinci Qarabağ müharibəsində, 20 yanvar faciəsində şəhid olan tələbələrin və əməkdaşların xatirəsini əbədiləşdirən Guşə yenilənib, Vətən müharibəsi şəhidlərinin adları da yeni lövhədə əks olunub:“İstəyirik ki, gənclərimiz bu qəhrəman tələbələrimizi tanısınlar, onların xatirəsini əziz tutsunlar, onların həyat yolunu özləri üçün məktəb bilsinlər”.

 

Sonra şəhid məzun Rauf İbadovun atası Məhərrəm İbadov, kafedra müdiri Sahib Fərzəliyev, qazi tələbə Orxan Məmmədli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış edib, möhtəşəm Qələbəmizin tarixi əhəmiyyətindən söz açıb, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunublar. 

 

Tədbir Zəfər Gününə həsr olunmuş sərginin açılışı ilə davam edib. Mərasim iştirakçıları universitetin Sərgi salonunda tələbələrin Qələbəyə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar. Ən yaxşı işlərə görə mükafatlandırılan tələbələrə diplomlar və hədiyyələr təqdim edilib.

 



05.11.2021 | 17:22