Əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq...

Sabah Bakı Slavyan Universitetinin (BSU) məzunu, şəhid Elnur Allahverdizadənin anım günüdür.

 

Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də Qarabağın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi noyabrın 8-də Böyük Zəfərlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı şanlı Qələbənin qazanılmasını təmin etdi. Xalqımızın milli ruhunun, iradəsinin və ləyaqətinin təntənəsi olan bu müharibədə Böyük Qələbənin əldə edilməsi naminə canından keçən cəsur, mətin, fədakar oğullarımızdan biri də Elnur Allahverdizadədir.

 

Əslən Zəngilan rayonundan olan Elnur Allahverdizadə 1995-ci il mayın 15-də Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbi, 2016-cı ildə isə BSU-nun tərcümə fakültəsini bitirib. Ali təhsil aldığı illərdə nümunəvi davranışı, elmə, təhsilə xüsusi maraq göstərməsi, universitetin ictimai-mədəni həyatında fəal iştirak etməsi, vətənpərvərliyi, milli təəssübkeşliyi, müasir dünyagörüşü, kreativliyi ilə seçilib, bu müsbət xüsusiyyətlərinə görə müəllimlərin və tələbələrin hörmətini qazanıb.

 

2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olan Elnur Allahverdizadə  xidmətdən qayıtdıqdan sonra səs rejissoru kimi fəaliyyət göstərib. İstedadlı və yaradıcı gənc olan Elnur Allahverdizadə “Barama”, “Atılmışlar” seriallarının, “Son iclas” bədii-sənədli filminin, bir çox reklam çarxlarının səs rejissoru olub, həmçinin “Pismus production” da çalışıb.       

            

Vətən müharibəsində topçu kimi iştirak edən Elnur Allahverdizadə noyabrın 7-də Ağdam-Xocavənd istiqamətində gedən döyüşlər zamanı Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində qəlpə yarası alaraq şəhid olub. Noyabrın 8-də Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib. 

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Elnur Allahverdizadə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Şəhid Elnur Allahverdizadənin əziz xatirəsini dərin hörmət və qürurla anırıq!

 

Allah rəhmət eləsin!

 



06.11.2021 | 18:01