Rektor:”22 nəfər şəhid məzunun hər birinin adına auditoriyanın açılması nəzərdə tutulub”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 noyabr -Zəfər Günü qeyd olunub.

 

II Qarabağ müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış kompleksin önünə yürüş və əklil qoyulması ilə başlanan tədbirdə rektor, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, tələbələr həmçinin, şəhid məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

 

Professor M.Babanlı Möhtəşəm Qələbəni şərtləndirən amillərdən, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun qüdrətindən, xalqımızın birliyindən və dost-qardaş ölkə olan Türkiyənin dəstəyindən bəhs edib,  bizə öz canları bahasına bu qələbə sevincini bəxş edən şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağını deyib. Universitetdə şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışan rektor 22 nəfər şəhid məzunun hər birinin adına auditoriyanın açılmasının nəzərdə tutulduğunu deyib.

 

Müharibə iştirakçısı olan ADNSU-nun Sənaye maşınları kafedrasının assistenti  Niyaz Zeynalov ağır, lakin qürurverici döyüş yolundan danışıb.

 

II Qarabağ müharibəsində Şuşanın alınmasınadək döyüşlərdə iştirak edən I kurs tələbəsi Vasif Aslanovun atası Pərviz Aslanov çıxış edərək, qələbəmizin ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, həm də dövlətimzin və dövlətçiliyimizin qüdrətini, gücünü  bütün dünyaya sübut etdiyini bildirib.

 

Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları da çıxış edərək, onlarla bağlı xatirələrini bölüşüb, şəhidlərə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.

 



06.11.2021 | 18:34