“Zəfər Günü tariximizə əbədi həkk olunmuş milli iftixar günüdür”

Mingəçevir Dövlət Universitetində (MDU) 8 noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfər Günü tariximizə əbədi həkk olunmuş milli iftixar günüdür” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

 

Tədbirdə şəhid ailəsi üzvləri, Vətən müharibəsində iştirak etmiş məzunlar, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

 

Tədbirdən öncə universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüblər.

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən rektor Şahin Bayramov 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrinin yazıldığını qeyd edib.

 

Otuz il işğal altında olan torpaqlarımızın azad edilməsində, tarixi ədalətin bərpasında mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərin şücaətindən danışan rektor ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını və daim böyük ehtiramla anılacağını bildirib.

 

Şanlı Qələbədən sonra uzun müddət erməni vandalizminə məruz qalmış əzəli torpaqlarımızın sürətlə dirçəldiyini vurğulayan Ş.Bayramov bu gün qəhrəman şəhidlərimizin ruhunun şad olduğuna və doğma Qarabağın tezliklə cənnətə çevriləcəyinə əminliyini ifadə edib.

 

Sonra çıxış edən şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, universitetin qazi məzunu Abdulla Abdullayev, Vətən müharibəsi iştirakçısı Famil Məmmədov müharibə dövrü ilə bağlı xatirələrini bölüşüb, torpaqlarımızın hər qarışı uğrunda yüksək şücaət, fədakarlıq və cəsarət nümunələrini ortaya qoyan qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.     

 

MDU əməkdaşlarının məruzələrindən sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

 



06.11.2021 | 19:03