Azərbaycan xalqının Zəfər yürüşü

Vətən  müharibəsi. Azərbaycanın qurtuluş müharibəsi.  Doğma torpaqların əsarətdən xilası... Bu müharibənin otuz illik tarixi var. Bəli, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda düz otuz  il mübarizə aparmışıq. Dayanmadan, ara vermədən. Otuz il əsgərlərimiz  soyuq səngərlərdə keşikdə dayanıblar. Vətənin keşiyində. Bu illər ərzində onların  döşəyi Vətən torpağı,  yastığı Vətən daşı oldu.  Məkrli düşmənin hər bir hərəkətini sayıqlıqla izləyən, anında layiqli cavabını verməyə hazır olan igid əsgərlərimiz  hər şeyin nə zaman, necə ediləcəyini yaxşı bilən Ali Baş Komandanın hücum əmrini gözləyirdilər. Onlar intiqam hissi  ilə alışıb-yanırdılar. Çünki Xocalı faciəsi yaddan çıxmamışdı; elindən-obasından, doğma yurd-yuvasından didərgin düşmüş, doğmalarını itirmiş anaların ah-naləsi qulaqlardan çəkilməmişdi;  Vətənin aldığı dərin yaralar sağalmamışdı...

 

Xalqımızda vətənə bağlılıq hissi çox güclüdür.  Xalqımız  cəsurdur, ölümün gözünə dik baxmağı bacarır. Çətin günlərdə hamı – yaşlılar da, cavanlar da bir ağızdan deyirdilər: “Vətən uğrunda ölməyə hazırıq”.  Cəbhədə,  döyüş meydanında  bunu cəsur əsgərlərimiz dönə-dönə sübut etdilər.   Döyüşçülərimiz yaralansa da, döyüşü davam etdirirdilər. Hərbi xəstəxanalarda müalicə alan əsgərlərimiz  hələ tam sağalmamış həkimlərdən xəbərsiz yenidən cəbhəyə, döyüş yoldaşlarının  yanına qayıdırdılar. Onlar heç vaxt yaralıları, şəhid olanları döyüş mövqelərində tərk etməyiblər. Ağır yaralanmış  əsgərin  təkidlə “risk etmə, məni burda qoy get” deməsinə baxmayaraq, onu çiyinlərində təhliyyə məntəqələrinə  çatdıran igidlərimiz saysız-hesabsızdır. Qorxu bilməyən xüsusi təyinatlılarımız haqqında əfsanələr dolaşmaqdadır. Yalnız öndə gedən, gecələr ağlagəlməz  döyüş əməliyyatları keçirən xüsusi təyinatlılar düşməni çaş-baş salırdı.  Onlar hücumda olan ordumuza  çox vacib məlumatlar ötürürdülər və beləliklə, düşmənin niyyətləri puça çıxırdı. Azərbaycan övladlarının igidliyi, vətənsevərliyinin nümunəsidir bu!

 

Düşmənsə qorxaq,  hiyləgər və satqındır.  Şəhərlərimizi, yaraşıqlı kəndlərimizi, abad yollarımızı dağıtdılar,  yerlə yeksan etdilər; bərəkətli torpaqları, barlı-bəhərli bağları viran qoydular,   tarixi abidələri, əzəmətli binaları, yaşayış evlərini sökdülər,  ağac  hissələrini, dəmir damlarını, hörgü daşlarını daşıdılar, satdılar. Qəbirləri belə dağıtmaqdan yan keçmədilər.  Baş daşlarını oğurladılar... Açıq-aydın erməni xisləti! 

 

Məqsədləri izimizi-tozumuzu bu yerlərdən  birdəfəlik silmək olub. Lakin unudublar ki, bu torpaqların sahibləri bir gün geri dönəcək, hesab aparacaq və bu hesab çox ağır olacaq; Dəmir yumruq başlarına enəcək.  Necə ki endi!

 

Ordumuz əsarətdə olan əraziləri ardıcıl şəkildə düşmən tapdağından xilas etdi.  Vətən müharibəsi 44 günə başa çatdı. Azərbaycan Böyük Zəfərə imza atdı.

 

Zəfərin mübarək Azərbaycan!  

 

Təvəkkül  Şükürbəyli,

Bakı Slavyan Universiteti, filologiya elmləri doktoru, professor

 



08.11.2021 | 14:17