Universitet əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rahim Tağıyev və Rüstəm Əhmədovun, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan universitetin məzunları Oruc Nəcəfli, Əzəmi Hüseynov və Kənan Abdullayevin, həmçinin hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun ailələrini ziyarət ediblər.

 

Ailə üzvləri ilə görüşlərdə universitet əməkdaşları Vətən yolunda canlarından keçən qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildirib, xalqımıza layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını ifadə edib, Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar. Şanlı Qələbənin qazanılmasında şəhidlərə borclu olduğumuzu qeyd edən HİK üzvləri Allahdan onlara rəhmət və yaxınlarına səbr diləyiblər.

 

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

 



10.11.2021 | 13:36