Türkiyə Prezidentinin müşavirləri Naxçıvan Dövlət Universitetində

Türkiyə Prezidentinin baş müşaviri, professor Yekta Saraç, prezident müşavirləri İhsan Şener və Ahmet Minder, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma Naxçıvan Dövlət Universitetində (NDU) olublar.

 

Ali təhsil ocağının memarlıq və mühəndislik fakültəsində olan qonaqlar “Robotexnika” kabinəsində tələbələrin startaplarına baxıb, alternativ enerji mənbələri- külək və günəş panelləri haqda ətraflı məlumat alıblar.

 

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində müasir avadanlıqlarla zəngin  laboratoriyaların iş prinsipi ilə tanış olan qonaqlar təcrübi dərslərin keçirildiyi “Toxuculuq və tikiş texnologiyası”, “Kulinariya kabinəsi”, “Metal və ağac emalı üzrə emalatxana”da tələbələrin iş prosesini izləyiblər.

 

Sonra beynəlxalq münasibətlər və hüquq fakültəsində ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin malik olduğu imkanlar, fakültələr, tədris edilən ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib.

 

Görüşdə Türkiyə universitetləri ilə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər hazırlamaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək məsələləri və birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Baş müşavir, professor Yekta Saraç klassik və nümunəvi universitet modelini özündə əks etdirən ali təhsil ocağında aparılan hərtərəfli quruculuq prosesindən məmnunluğunu ifadə edib. Texnopark sahəsində Türkiyə universitetləri ilə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunan baş müşavir NDU-da  yeni yaradılacaq texnoparkın gələcəkdə bölgənin inkişafına müsbət mənada təsir göstərəcəyindən danışıb.

 

Görüşün sonunda NDU-nun rektoru milli ornamentlərlə zəngin Naxçıvan xalçasını qonağa hədiyyə edib.

 

Qeyd edək ki, professor Yekta Saraç 2014-2021-ci illərdə Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.

 



11.11.2021 | 10:47