“SABAH.lab” Akselerasiya Mərkəzinin tələbələr üçün təqdimatı

“SABAH.lab” Akselerasiya Mərkəzinin tələbələr üçün təqdimatı
 

 “SABAH.lab” Akselerasiya Mərkəzinin Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün təqdimatı keçirilib.

 

BANM-in rektoru Elmar Qasımov qonaqlara təhsil ocağı haqqında məlumat verib.  Bildirib ki, BANM yarandığı gündən tələbələr aktiv olaraq startap layihələr və proqramlarda iştirak edir, uğurlar qazanırlar. Eyni zamanda, onların layihələri nüfuzlu şirkətlər tərəfindən dəstəklənir.  Ali məktəbdə tələbələrə yüksək səviyyəli təhsillə yanaşı, biznesyönümlü kreativ düşüncə tərzi də aşılanır.

 

Təqdimatda spiker qismində “IE Business School”un “Startapınızı genişləndirmək” kafedrasının dosenti Joe Haslam, sahibkar və Avropada bir neçə uğurlu startapın təsisçisi Nikita Pajanok və “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı çıxış ediblər.


R.Bayramlı regionda startap ekosisteminin mövcud vəziyyəti haqqında məlumat verib və “SABAH.lab” Akselerasiya Mərkəzini təqdim edib. O vurğulayıb ki, ölkədə innovasiya potensialını artırmaq üçün görüşə qatılan gənclər proqrama müraciət edərək sahibkarlıq istiqamətində ilk addımlarını atmağa başlaya bilərlər.

J.Haslam “Startapınızı genişləndirmək” kursu və 2000-ci illərin əvvəllərində yaratdığı bir neçə uğurlu startap təcrübəsi haqqında danışıb. O, təkbaşına uğur qazanmağın çətin olduğunu və ekosistemin bir parçası olmağın daha çox şans yaratdığını vurğulayıb.


N.Pajanok akselerasiya mərkəzlərinin köməyi ilə ilk şirkətlərini qurmaq təcrübəsini və aldığı dəstəyin ilkin mərhələdə necə vacib rol oynadığını bildirib.

Görüşlər panel müzakirələri ilə davam edib və tələbələr spikerlərə maraqlı suallar ünvanlayıblar. Şirkətlərin necə qurulacağı, inkubatorun hansı dəstəyi göstərəcəyi və s. kimi suallar cavablandırılıb.


Qeyd edək ki, “SABAH.lab” Akselerasiya Mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.
 

 



11.11.2021 | 14:27