Peşə təhsilində diferensiallaşmış təqaüd sistemi formalaşır

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi şərti və təqaüd məbləği fərqləndirilib. Belə ki, artıq təqaüdün məbləği tələbənin akademik göstəricilərindən asılı olacaq. “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 - 100 bal) olan tələbələr 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 - 100 bal) olan tələbələr 60 manat, akademik göstəriciləri “3” - “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 - 100 bal) olan tələbələr, 50 manat alacaq. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər əyani təhsil alan tələbələrə aralıq qiymətləndirmə nəticələrinə görə müəyyən ediləcək.

 

Peşə təhsilinə maraq artacaq

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin  Peşə təhsili siyasəti və məzmunu şöbəsinin müdiri Zaur Əliyev “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında sözügedən dəyişikliyin əhəmiyyətini belə izah edib: “Yeni qərarla peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi formalaşacaq. Ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təhsil nəticələri yüksək olan bütün tələbələrin təqaüd almalarına imkan yaranacaq. Ən əsası, bu dəyişiklik peşə təhsili pilləsində təhsil alan tələbələrə dövlət qayğısını artıracaq və onların sosial müdafiəsini gücləndirəcək”.

 

Mütəxəssisin fikrincə, sərəncam peşə təhsili müəssisələrinə marağı da artıracaq: “Bu dəyişiklik akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin peşə təhsilinə marağını artıracaq”.

 

Çünki ən önəmli dəyişiklik peşə mərkəzlərində təhsil alan tələbələrin təqaüdünün məbləğində əksini tapacaq: “Son qərara qədər peşə təhsili müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində 50 manat məbləğində təqaüd ödənilirdi. Verilmiş son qərar ilə təhsil nəticələrinə uyğun olaraq daha yuxarı təqaüd məbləği müəyyənləşdirilib”.

 

“Ən yüksək təqaüd alacağam”

 

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Zivər Ağabalayevanın sözügedən sərəncamdan nəinki xəbəri var, hətta nəticələrini də hesablayıb.  Peşə Təhsil Mərkəzində Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi üzrə yüksək texniki peşə təhsili alan Zivərin sözlərinə görə, sərəncam onun hədəflərini dəyişib: “Birinci kursda oxuyuram. Təhsil aldığım ixtisas üzrə mərkəzimizin yüksək texniki peşə təhsili almaq imkanı qazanan ilk tələbələrindənəm və bu ixtisas üzrə ilk buraxılış olacağıq. Bu,onsuz da mənim üçün böyük məsuliyyətdi. Turizmə çox böyük marağım var. Olmaq istədiyim yeri qazanmaqda mənə ilk fürsət bu ixtisas üzrə yüksək texniki peşə təhsili verən ixtisasın açılması ilə verildi. İlk fürsətdən yararlandım və artıq bu ixtisas üzrə təhsil alıram. Prezidentin sərəncamı isə dövlətin mənə uğurlu təhsil və karyera üçün verdiyi növbəti fürsətdir. İndiyə qədər burada təhsilimi tamamlayıb daha yaxşı təhsil və karyera üçün ali məktəbə daxil olmağı düşünürdümsə, artıq buradakı təhsilimi ən yüksək qiymətlərlə tamamlamaq hədəflərimdən birinə çevrilib. Akademik göstəricilərimi 91-100-ə çatdırıb ən yüksək təqaüd alacağam. Hazırda təhsilim uğurla davam edir. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin göstəriciləri yüksək olan tələbələrindənəm. Səylərimi daha da artırmalıyam, çünki sərəncam rəqiblərimi artıracaq. Bu stimul mənim qədər başqalarını da həvəsləndirəcək. Yüksək standartlarla dərs keçir, ən yaxşı şəraiti olan müəssisələrdən birində təhsil alırıq. Ən yüksək təqaüd alanlardan olmağım üçün heç bir maneə yoxdur”.

 

 

 

 

 

“Bu qərar çoxumuzu təhsilə bağlayacaq”

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Kompüter sistemlərində proqram təminatı ixtisası üzrə təhsil alan Rüfət Əliyevin fikrincə, diferensiallaşmış təqaüd sistemi peşə təhsili müəssisəslərində təhsilin keyfiyyətinə çox təsir edəcək: “Qiymətləndirmə təhsildə önəmlidir, məncə. Bu, daha yaxşı təhsil almağa həvəsləndirir. Daha çox oxuyanda daha yaxşı mütəxəssis olacağını hər kəs bilir. Ancaq çox vaxt bunu bilmək kifayət eləmir. Əlavə bir stimula da, mütəmadi yaxşı oxumaq lazım olduğunu xatırladan bir səbəbə, hətta məcburiyyətə ehtiyac duyursan. Bir yarımillikdə əldə edəcəyin gəlirin qədərini müəyyənləşdirən bu qərar çoxumuzu təhsilə bağlayacaq”.

 

R.Əliyev deyib ki, peşə təhsili müəssisələrində təqaüdə ehtiyac duya biləcək tələbələr xüsusilə çoxdur: “34 yaşındayam və təhsilin önəmini hələ indi anlamışam. Şirkətlər təhsilli işçilər axtarır və qarşıma çıxan bu şərt məni təhsil almağa məcbur etdi. Ancaq dərslərimin vaxtı elə müəyyənləşdirilib ki, işləyə bilmirəm. Ona görə də aldığım təqaüd gündəlik ehtiyaclarımı ödəmək üçün çox böyük köməkdir”.

 

 

“Tələbəni daha çox çalışmağa sövq edir”

 

 

Murad Məmmədov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin II kurs tələbəsidir. Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə yüksək texniki peşə təhsili alır. Akademik göstəriciləri yüksək olan tələbələrdəndir: “Tələbə üçün təqaüd çox vaxt əsas gəlir mənbəyidir. Valideynlərimizə köməkdir. Qazanmayan biri üçün təqaüd ehtiyacların müəyyən qisminin ödənməsidir. Təqaüdün tələbə üçün anlamının nə qədər böyük olduğunu tələbəlik yaşayan hər kəs bilir. Hətta valideyni tərəfindən hər cür təmin edilən tələbələr üçün belə təqaüd əvəzsizdir. Üstəgəl, təqaüd məbləğinin akademik göstəricilərə görə fərqlənməsi tələbə üçün daha yaxşı oxumaq, keyfiyyətli təhsil üçün stimuldur. Bu, tələbəni daha çox çalışmağa sövq edir. Düşünürəm ki, bu dəyişikliyin əsasında da məhz bu məqsəd durur. Bizi daha hazırlıqlı olmağa, üstün göstəricilər əldə etməyə həvəsləndirir”.

 

 

 

Ruhiyyə DAŞSALAHLI

 



19.11.2021 | 12:50