Xarici Ekspert Komissiyası Azərbaycan Tibb Universitetində qiymətləndirmə aparacaq

Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) Xarici Ekspert Komissiyası Bakıda səfərdədir. Komissiya üzvləri Azərbaycan Tibb Universitetində (ATU) təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçirəcəklər. Xarici Ekspert Komissiyasına müxtəlif ölkələrlə yanaşı, Azərbaycandan da ekspertlər daxil edilib.

 

Noyabrın 25-ə kimi davam edəcək səfər zamanı ATU-nun tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndiriləcək. 

 

Qeyd edək ki, ATU ilə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik arasında 2021-ci ildə müqavilə imzalanıb.

 

Müqavilə ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsini nəzərdə tutur. Komissiyanın bu səfəri də müqavilə şərtləri çərçivəsində baş tutub.

 

Onu da bildirək ki, 2011-ci ildə fəaliyyətə başlayan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik Dünya Tibb Təhsili Federasiyası (WFME) tərəfindən də tanınır.

 



22.11.2021 | 10:30