Rektor doktorantlar və gənc tədqiqatçılarla görüşüb

Mingəçevir Dövlət Universitetində (MDU) doktorantlar və gənc tədqiqatçılarla görüş keçirilib.

 

Görüşdə MDU-nun rektoru Şahin Bayramov son dövrdə strateji hədəflərə uyğun olaraq universitetin modernləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran fəaliyyətlərdən bəhs edib.

 

Tədqiqat universitetinə çevrilməyin əsas strateji məqsədlərdən biri olduğunu vurğulayan rektor ölkənin və regionun inkişafına töhfə məqsədilə elmi tədqiqatların nəticəyönümlüyünün artırılmasının və yeni araşdırma mərkəzlərinin yaradılmasının vacibliyindən danışıb, bu istiqamətdə gənc tədqiqatçıların üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

 

MDU-nun gənc əməkdaşları və məzunlarının yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında təhsil almalarına müvafiq dəstəyin göstərildiyini deyən Ş.Bayramov elmi kadrların yetişdirilməsi, birgə tədqiqatların aparılması və elmi tədbirlərin təşkili istiqamətində partnyor universitetlərlə işbirliyinin yaratdığı imkanlardan söhbət açıb.

 

Universitetdə elmi fəaliyyətin təşviqi, akademik heyət üzvlərinin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq nəşrlərdə məqalələrin sayının artırılması, “Dayanıqlı inkişaf” adlı ilk elmi jurnalın təsis edilməsi və yaxın gələcəkdə müvafiq ixtisaslar üzrə doktorantura təhsilinin təşkili barədə məlumat verən rektor MDU-da elmi potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən gözləntilərini də ifadə edib.

 

Görüşdə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən doktorantlar və gənc tədqiqatçılar modernləşməyə doğru inamla irəliləyən MDU-nun strateji hədəflərinin uğurla reallaşdırılacağına, bununla bağlı üzərlərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.

 



22.11.2021 | 14:10