Xalq artisti Ramiz Quliyev Naxçıvan Musiqi Kollecinin tələbələri üçün ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecində Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin ustad dərsi təşkil edilib.

 

Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva ixtisaslı kadrların yetişməsi və təcrübələrinin möhkəmlənməsi istiqamətində təşkil olunan tədbirin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Naxçıvan Musiqi Kolleci 1975-ci ildə orta-ixtisas musiqi məktəbi kimi yaradılıb, 1992-ci ildən Musiqi Texnikumu adı ilə fəaliyyət göstərib. Hal-hazırda isə Musiqi Kolleci adı ilə fəaliyyətini davam etdirir.

 

Direktor Xalq artisti Ramiz Quliyevin bioqrafiyası haqda da məlumat verib, onun örnək yaradıcılığından söhbət açıb, tələbələri ustad tarzənin məktəbindən bəhrələnməyə çağırıb.

 

Professor R.Quliyev dərs zamanı tələbələrə tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar, muğam ifaçılığı haqda ətraflı məlumat verib.

 

Tarzənin ifası üzərində qurulan ustad dərsi müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Kollecin Tar ixtisası üzrə təhsil alan III kurs tələbələrinin ifasında “Rahab”, “Çahargah” muğamları, “Üç xatirələr”, “Konsert pyes” əsərlərini dinləyən R.Quliyev onların istedadını, bacarığını xüsusi qiymətləndirərək məsləhət və təkliflərini verib.  

 

Azərbaycanın Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov, Naxçıvanın Əməkdar müəllimi İlqar Hüseynov və digər müəllimlərin tar alətinin ifa xüsusiyyətlərinə, muğam ifaçılığına dair  müxtəlif sualları cavablandırılıb.

 

Qeyd edək ki, ustad dərsində Bakı Musiqi Akademiyasının Elmi  mərkəzinin müdiri, dosent Nuridə Cəfərova da iştirak edib.

 



23.11.2021 | 11:25