Gənc alim beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının elmi işçisi, dissertant Könül Qəhrəmanova Rusiyanın Petrozavodsk şəhərində “Yeni elm” Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Gənclər elminin avanqardı” beynəlxalq elmi-tədqiqat müsabiqəsinin qalibi olub.

 

K.Qəhrəmanovanın “Xəzər dənizi sularında neft çirklənmələrinin bioremediasiyası” (“Биоремедиация нефтяных загрязнений в водах Каспия”) mövzusunda təqdim etdiyi elmi iş müsabiqə komissiyası tərəfindən müsbət qiymətləndirilərək, I dərəcəli diplom və sertifikatla təltif edilib.

 

Bununla yanaşı, onun elmi rəhbəri elmlər doktoru, professor Pərvin Məmmədovaya tədqiqat işinin hazırlanmasında göstərdiyi dəstəyə görə müsabiqə təşkilatçıları tərəfindən təşəkkürnamə təqdim edilib.

 

Qeyd edək ki, Rusiyanın “Publishers International Linking Association” Beynəlxalq Elmi Ədəbiyyat Nəşriyyatçılar Assosiasiyasının üzvü olan “Yeni elm” Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin mütəmadi olaraq təşkil etdiyi bu beynəlxalq elmi-tədqiqat müsabiqəsinin məqsədi elmlər doktorları, eləcə də müxtəlif fəaliyyət sahələri üzrə tədqiqatçılar, müəllimlər və doktorantları elmə yeni töhfələr verməyə, tədqiqat fəaliyyətlərinin səmərəliliyini artırmağa həvəsləndirməkdir.

 



24.11.2021 | 10:30