AzMİU-da imtahan sessiyasına hazırlıq və universitetin fəaliyyətinə dair hesabatlar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclasında 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası, müdafiələr və 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə hesabatlar təqdim olunub.

 

Hesabatı təqdim edən universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov  pandemiya dövründə onlayn şəkildə keçirilən imtahanlarda tələbələrin biliklərinin qiymətləndirilməsi, əldə edilən uğurlar və nöqsanlar barədə danışıb, eyni zamanda 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili, hazırlığın vəziyyəti məsələlərinə aydınlıq gətirib.

 

A.Qasımovun hesabatı ətrafında geniş fikir mübadiləsi aparılıb, iradlar və təkliflər səsləndirilib. Elmi Şura prorektorun hesabatını qəbul edib.

 

Universitetin tanıdılması, dünya ali məktəblərinin reytinq cədvəlində təmsil olunması, tələbə cəlbinin artırılması istiqamətində görülən işlər və vəzifələrlə bağlı universitetin rektoru tərəfindən yaradılmış işçi qrupun rəhbəri, dosent Könül Ağayeva da hesabatı təqdim edib. K.Ağayeva qısa müddətdə universitetin vebsaytının yenilənməsi, saytın ingilis və rus dilində versiyalarının hazırlanması istiqamətində işçi qrupun gördüyü işlərdən danışıb, qarşıda duran hədəflər barədə məlumat verib. Şura üzvləri işçi qrupun rəhbərinin hesabatını qəbul edib.

 

Sonda rektor Gülçöhrə Məmmədova qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

 



24.11.2021 | 17:36