Millət vəkili tələbələrlə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə “Gənclərin özünü inkişafı, milli dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda seminar keçirilib.

 

Seminarda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramin Məmmədov və tələbələr  iştirak ediblər.  


Seminarı açan universitet THİK-in sədri Bayram Aslanov  Azərbaycanda  gənclər siyasətinin uğurlarından danışıb, dövlətin gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, yaxşı vətəndaş kimi formalaşmaları üçün lazımi şərait yaratdığını qeyd edib. O, tələbələrin üzərinə təhsillə yanaşı, Azərbaycan həqiqətlərini hər yerdə təbliğ etmək, vətənimizin maraq və mənafelərini müdafiə etmək kimi vəzifələrin düşdüyünü xüsusi vurğulayıb.

 

Milli Məclisin deputatı Ramin Məmmədov dəvətə görə universitet rəhbərliyinə  təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnunluğunu söyləyib. Mənəvi dəyərlərin təbliğində azərbaycançılıq ideologiyasının əsas yer tutduğunu vurğulayan R.Məmmədov bildirib ki, ideologiyanın həyata keçməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət hazırda  ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 


Millət vəkilinin sözlərinə görə, ölkəmizdə aparılan ideoloji siyasətin müsbət nəticəsidir ki, bu gün Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu ölkənin tamhüquqlu vətəndaşı hesab edir. Azərbaycan hazırda dünyanın ən tolerant ölkələrindən biri sayılır.


R.Məmmədov ölkəmizdə aparılan Könüllülük hərəkatından da geniş söhbət açıb. Qeyd edib  ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan, cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.


Millət vəkili AzMİU-da Könüllülük hərəkatı əsasında fəaliyyət göstərən tələbə gənclərin işini yüksək qiymətləndirib:“Sevindirici haldır ki, Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var”.
     


Diskussiya formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb,  mövzu ilə bağlı fikirləri dinlənilib.
 

 



30.11.2021 | 13:16