Litvanın Azərbaycandakı səfiri Aqrar Universitetdə

Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas Litvanın “Cormack Consultancy Group”un direktor müavini Gintaras Steponaviciusla birlikdə Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.



Görüş zamanı ADAU-nun rektoru, professor İbrahim Cəfərov  universitetin maddi-texniki imkanları, ikili diplom proqramları, kadr potensialı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, gələcəkdə Litvada yerləşən aqrar yönümlü universitetlərlə əlaqələrin qurulmasında maraqlıdırlar.



Eqidius Navikas Gəncə şəhərinə ilk dəfədir  səfər etdiyini, bu səfər çərçivəsində Aqrar Universitet ilə tanış olmaqdan məmnunluq duyduğunu ifadə edib. O, ölkələr arası münasibətlərin daha da inkişaf etməsində universitetlərin əlaqələrinin böyük  rol oynadığını vurğulayıb.



Sonra qonaqlar ADAU-nun yeni tədris korpusuna baş çəkib, müasir laboratoriyalar və auditoriyalar ilə tanış olublar.

 



02.12.2021 | 12:46