“Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda konfrans keçiriləcək

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Konfransın Təşkilat Komitəsinə MDU ilə yanaşı, Türkiyə, Ukrayna, Çin, Litva, Rusiya Federasiyası,  Qazaxıstan, Qırğız Respublikası, İsveç və Sloveniyanı təmsil edən universitetlərin alimləri daxildir.

 

Konfransın əsas məqsədi Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarətdir. Konfrans Prezidentin 2021-ci il 2 fevral tarixli müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.

 

10-11 dekabr tarixlərində  keçiriləcək beynəlxalq konfransa 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, 14 xarici ölkənin 35 universitetindən 462 tezis və məqalə daxil olub.

 

Proqrama uyğun olaraq, iki gün ərzində konfrans çərçivəsində açılış-plenar, plenar, bölmə və yekun iclasları keçiriləcək.

 

Açılış-plenar iclasda təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, MDU-nun rektoru Şahin Bayramov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, bir sıra tərəfdaş yerli və xarici universitetlərin rektorları çıxış edəcəklər.

 



08.12.2021 | 18:19