Şagirdlərin bilik və fəaliyyətinin təmin edilməsi

Tədrisdə şagirdlərin idrak fəaliyyəti onların bilik və fəaliyyətinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsidir.Bu məqsədlə ümumtəhsil məktəblərində kurikulum islahatının uğurla tətbiq olunması üçün, milli və bəşəri zəmində metodoloji əsas yaradılmışdır. Əməkdaşlıq, təlim prosesində yeni pedaqoji təfəkkür şagird şəxsiyyətinin yaradıcılıq potensialını aşkar edib üzə çıxarmağa təminat verir. Onların fərdi yaradıcılıq qabiliyyətləri inkişaf edir. Hər dövrün özünəməxsus pedaqoji fikri vardır. Təlim-tərbiyə prosesində şəxsiyyət anlamı daha demokratik şəkildə dərk edilir.

 

Şagirdlərin bilik və fəaliyyətinin təmin edilməsi yeni pedaqoji təfəkkürün başlıca prinsipləri - demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsi ilə uyğunluq təşkil edir. Təlim hazırlığı  zamanı  qazanılan bacarıqlar dinamik səciyyə daşıyır və insan kapitalı ilə bağlı olan tələblərə uyğun dəyərlər qazanmağa töhfə vermiş olur. İnsan kapitalı geniş mənada: inkişaf kapitalının səmərəli  fəaliyyətini təmin edən işçi qüvvəsinin təhsilli hissəsidir; biliklər, intellektual və idarəetmə əməyi üçün alətlər, yaşayış mühiti və əmək fəaliyyəti daxil olmaqla iqtisadi inkişafın, cəmiyyətin və ailənin tərəqqisi üçün intensiv bir məhsuldar amildir.

 

İbtidai təhsil pilləsi üzrə şagirdin texnologiyanın tədqiqatçılığında, təlim nəticələrinin qazanılmasında tərtib edilən nəzəri və praktik materiallar onun idrak bacarıqlarını  artırmaqla yanaşı müəllimin bələdçilik qabiliyyətini inkişaf etdirir.  Şagird təlim prosesində praktik işlərdən  faydalanarkən vaxt itkisinə yol vermədən, iqtisadi cəhətdən əlverişli, ekoloji baxımdan heç bir tullantı olmadan məmulatın hazırlanması, onların müqayisəsi, texnoloji əməliyyatlardan (nişanlama, qatlama, ölçmə, kəsmə, biçmə, tikmə, birləşdirmə) istifadə, birgə fəaliyyət bacarıqları, təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarına əməl etməklə, yaradıcılıq nümayiş etdirərək müvafiq model və layihələr qurmağa nail olur.

 

İbtidai təhsil pilləsində “Texnologiya” fənninin məzmun xətlərinin (emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti və qrafika) təlim nəticələri müxtəlifdir. Burada əsas diqqət şagirdin həyati bacarıqlarına əsaslanan təhsilə yönəldilməlidir.

 

Müəllim təlim prosesində  psixotreninq aparmaqla şagirdlərin maraqlarını öyrənir. Motivasiya və problem qoyulur, tədqiqat aparılır, informasiya mübadiləsi və müzakirəsi keçirilir, alınan nəticə qiymətləndirilir. Refleksiya əsasında iştirakçıların münasibətləri dinlənilir. Qarşılıqlı ünsiyyətin yaradılmasında əqli hücum, Venn diaqramı, ziqzaq, BİBÖ, şaxələndirmə, debatlar, diskussiyalar və bir çox fəal təlim üsulları pedaqoji prosesdə tətbiq edilməlidir. İbtidai siniflərdə şagirdlərin  texnologiyadan  idrak bacarıqları təhsil proqramında təsbit olunan standartlarla həllini tapmalıdır.

 

İbtidai təhsil pilləsində tədris olunan fənlərin əsaslandırılması, fənlər üzrə ümumi təlim nəticələrinin mahiyyətini  dərindən  bilməklə onları əlaqələndirmək təhsil proqramının (kurikulumun) tələblərindəndir. Şagirdlərin ibtidai təhsil pilləsində texnologiyanın tədrisində bilik və fəaliyyətinin təmin edilməsinin tədqiqinə diqqət yönəltməyi məqsədəuyğun hesab edirik.

 

İbtidai təhsil pilləsində texnologiya fənninin əsaslandırılması: Şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları, ölçü, mütənasiblik, simmetriya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.

 

Şagirdlərin ibtidai təhsil pilləsində texnologiyadan qazandığı ümumi nəticələr: materialları müqayisə edir və çeşidləyir, müvafiq texnoloji vasitələrdən (ölçmə, kəsmə, biçmə, birləşdimə və s.) istifadə edir, sadə məmulatlar hazırlayır; sadə məişət xidmətlərini yerinə yetirir; birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir; təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və praktik fəaliyyətdə onlara riayət edir; yaradıcılıq tələb edən sadə tapşırıqları yerinə yetirir, model və layihələr qurur.

 

Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi nəticəsində “Texnologiya” fənninin qeyd olunan məzmun xətləri müəyyənləşdirilmişdir: Emal texnologiyaları; texnika elementləri; məişət mədəniyyəti; qrafika.

 

 Bu məzmun xətləri şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:

 

Bütün fənlərdə olduğu kimi, texnologiya fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri və  əsas standartlar dəyişməz qalır.

 

“Texnologiya” fənni üzrə məzmun standartları müəyyənləşdirilərkən  təsbit olunan fəaliyyət xətləri nəzərə alınmışdır: Problem həlli; təhliletmə və əsaslandırma; mühakiməyürütmə; əlaqələndirmə; təqdimetmə.

 

Məzmun standartları (I sinfin sonunda şagird): Sadə emal texnologiyalarını tanıyır, emal prosesinə hazırlıq görür, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etməklə sadə məmulatlar hazırlayır, onları təqdim edir; texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda bir-birindən fərqləndirir; özünəxidmət, bitkilərə qulluq və mədəni davranış qaydalarını sadə formada izah edir; zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir;  sadə əşyaları qrafik təsvir edir.

 

Məzmun xətləri üzrə əsas və alt standartlar

 

1. Emal texnologiyaları (şagird):

 

1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.

 

1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır.

 

1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.

 

1.1.3. Emal vasitələrini sadalayır.

 

1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

 

1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.

 

1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.

 

1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.

 

1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.

 

1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.

 

1.3.1. Məmulatların detallarını hazırlayır.

 

1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır.

 

1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.

 

1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.

 

1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.

 

1.3.6. Hazırladığı məmulatı təqdim edir.

 

2. Texnika elementləri (şagird):

 

2.1.Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.

 

2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət) və texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır.

 

2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır.

 

2.1.3. Məişət texnikalarını sadalayır.

 

3. Məişət mədəniyyəti (şagird):

 

 

3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.

 

3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə formada şərh edir.

 

3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.

 

3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir.

 

3.1.4. Müxtəlif təyinatlı (səhər, nahar, şam, qonaq, bayram) yemək süfrələri və onların atributlarını sadalayır.

 

3.1.5. Səhər süfrəsini tərtib edir.

 

4. Qrafika (şagird):

 

 

4.1. Əşyaları qrafik təsvir edir.

 

4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.

 

4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini çəkir.

 

Texnologiya təhsil proqramının  məzmun xətləri standartlara əsaslanaraq şagirdlərin bilik və fəaliyyətini təmin edir. 

 

 Standart= bilik+ fəaliyyət. Standartlarda ifadə olunan  bilik  alt standartlarda üç  kateqoriyadan (deklarativ, prosedural, kontekstual) birinə aid olur.

 

Deklarativ bilik hər hansı bir anlayışın dərk edilməsi kimi qəbul edilir. Bu bilik növü “Texnologiya” fənnində onunla bağlı mühüm informasiyalar kimi dəyərləndirilir. Deklarativ bilik bilmə və anlama ilə əlaqələndirilir. Deklarativ bilik yaddaşa əsaslanır. Bunlar “Texnologiya” fənninə aid mühüm terminlər, ifadələr, təriflərdir. Şagirdlərin onları bilməsi təlimin sonrakı mərhələsinin təşkili üçün çox vacibdir.

 

Məsələn:

 

1.1.1.Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır (I sinif).

 

Prosedural bilik prosesi ehtiva edərək, “Texnologiya” fənni üzrə mühüm vərdiş və prosesləri əhatə edir.

 

İxtiyari problemin həlli zamanı prosedural biliklərdən  istifadə edilir. Prosedural biliyin deklarativ bilikdən fərqi ondan ibarətdir ki, bu biliklər tapşırıqların yerinə yetirilmə prosesində tətbiq olunur.

 

Məsələn:

 

1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir (I sinif).

 

3.1.5. Səhər süfrəsini tərtib edir (I sinif).

 

Kontekstual bilik hər hansı prosesdə əldə olunan informasiyaya tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirilir. Kontekstual nəzəriyyəyə əsasən təlim o zaman baş verir ki, şagird öz bilik dairəsi çərçivəsində yeni informasiyalar və biliklər emal etsin.

 

İnformasiyaların emalı məzmunda yeni məna axtarmaqla və həmin mənaları inandırıcı şəkildə əlaqələndirməklə həyata keçirilir.

 

Məsələn:

 

1.2.4. Hazırlanacaq məmulatın materialına   uyğun   emal   texnologiyası  seçir  (I sinif).

 

Texnoloji prosesdə məmulatın hazırlanması  zamanı insan təfəkkürünün sonrakı fəaliyyətini təmin edən, məmulatın indiyə qədər ona məlum olmayan yeni-yeni şərtləri və tələbləri müəyyən olunur. Təfəkkür fəaliyyətini şərtləndirən səbəb məmulatın hazırlanması  zamanı tədricən əmələ gəlir, formalaşır və inkişaf edir. Bu, fikrin ilkin şərtlərində əvvəlcədən proqramlaşdırılmır.

 

Məmulatın hazırlanmasında  arası kəsilmədən yeni-yeni şərtlər meydana çıxır və inkişaf edir. Bu cəhətdən  texnologiyanın tədrisi xüsusi maraq doğurur. Texnologiyanın tədrisində, məmulatın hazırlanması metodikasının özündə zəngin psixoloji məqamlar vardır. Təlim prosesinin bu və ya digər funksiyasının daha səmərəli həyata keçirilməsinə yönələn konsepsiyaların işlənilməsi cəhdləri psixoloqlar üçün xarakterik cəhətlərdəndir. İnkişafetdiricilik funksiyasının gücləndirilməsi ilə bağlı işlənilən konsepsiyalar bir çox hallarda “inkişafetdirici təlim konsepsiyaları” da adlandırılır.

 

Səriştəli və peşəkar müəllim nümunə üçün verilən alt standartların bilik və fəaliyyətlə bağlı məzmununa istinad etməklə elmi-metodik bacarıq qazana bilər. Bununla da o, ibtidai siniflərdə tədris etdiyi fənlərin məzmun xətləri üzrə bilik və fəaliyyətin qeyd olunan kateqoriyalara uyğun şagirdləri təmin etmiş olur.

 

Şahrza AĞAYEV,

pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, qabaqcıl təhsil işçisi

 



10.12.2021 | 12:57