Diqqətli və ehtiyatlı ol! Mina var!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində 44 günlük gərgin döyüşlərlə işğal altında olan torpaqlarımız azad edildi.

 

Amma düşmən azad edilmiş ərazilərdə minlərlə minalar basdırmışdır və həmin yerlərdə çoxlu sayda partlamamış hərbi sursatlar var ki, bütün bunlar da əhali, orada fəaliyyət göstərən, infrastrukturu bərpa edən insanlarımız üçün ciddi təhlükə yaradır.

 

 Bütün bu çətinliklərə baxmayaraq azad olan torpaqlarımız minalardan, partlamamış hərbi sursatların qalıqlarından sürətlə təmizlənməkdədir.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bununla bağlı maarifləndirmə işlərinin zəruriliyi nəzərə alınaraq  “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” hazırlanıb. Artıq bir sıra bölgələrdəki təhsil müəssisələrində partlayış təhlükəsinə qarşı davamlı olaraq  maarifləndirmə işləri aparılmaqdadır.

 

Astara Pedaqoji Kollecinin pedaqoji kollektivi, tələbələr və işçi heyəti tərəfindən sözügedən mövzu ətraflı öyrənilir. Belə ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən  müəllimlər dərslərində “Metodiki tövsiyələr”də öz əksini tapan mövzulardan istifadə edirlər. Lənkəran Dövlət Universitetinin müəllimi Yadigar Gənciyev kollecin birinci kurs tələbələri üçün  adıçəkilən fənn üzrə “açıq dərs” keçib. Minalara və partlamamış hərbi sursatlara aid slayd və videoçarxlardan istifadə edilməklə tələbələr ətraflı məlumatlandırılıb.

 

Dərsdə Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev, kollecin direktoru Ağababa İbrahimov və Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov iştirak ediblər.

 

Bununla yanaşı, kollecdə “Biologiya” və “Tibbi biliklərin əsasları” üzrə fənn müəllimləri də dərslərində “Metodiki tövsiyələr”də nəzərdə tutulan məsələləri əhatə etməyə çalışırlar. 

 

***

M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbdə X “b” sinif şagirdlərinin və sinif rəhbəri Samirə Mirzəyevanın təşkilatçılığı ilə “Mina təhlükəsi” mövzusunda nümunəvi dərs keçirilib.

 

Nümunəvi dərsdə mina partlayış təhlükəsinə qarşı maarifləndirilmə məqsədilə videoçarx  nümayiş olunub, şagirdlərin  qrup şəklində hazırladıqları  təqdimatları dinlənilib.

 

Müzakirələr çərçivəsində düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldəqayırma partladıcı qurğular, minalar və partlamamış hərbi sursatları tanıma, onların təhlükəsindən qorunma, təhlükəli ərazilərdə hərəkət qaydaları barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

 

Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi məktəblilərin və bütövlükdə rayon əhalisinin mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edərək, müzakirə olunan məsələnin aktuallığından, məqsəd və vəzifələrindən söhbət açıb.

 

***

 

Astara rayonunun Çayoba tam orta məktəbində də X-XI sinif şagirdləri üçün “Mina nədir?” mövzusunda seminar keçirilib.

 

Tədbirdə məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Rizvan Nəsirov şagirdlərlə mina və partlamamış hərbi sursatların  (PHS) yaratdığı  təhlükə barədə xəbərdar etmək və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirici söhbətlər aparıb. Məktəbin direktoru Sarraf Əhmədov gəncləri hərbi sursat aşkar edərkən necə hərəkət etmələri barədə ətraflı məlumatlandırıb.

 

Tədbirdə həmçinin ANAMA-nın fəaliyyətindən söz açılıb.

 

***

Mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarfləndirilmə işləri ilə  əlaqədar Salyan şəhər Y.Qasımov adına 4 nömrəli tam orta məktəbdə də müvafiq tədbirlər həyata keçirilir. 

 

Carı ilin oktyabr-noyabr aylarında məktəbin X-XI siniflərində hərbi rəhbər R.Zərbəliyev şagirdlərə partlayıcılar, onların növləri,yarada biləcəyi fəsadlar haqqında məlumat verib, əyani vəsaitlərdən istifadə edərək şagirdlərin bu sahədə ətraflı  bilgilənməsini təmin edib.

 

Məktəbin ibtidai, həmçinin V-IX siniflərində noyabr ayı ərzində sinif təşkilat saatları hesabına sinif rəhbərləri şagirdlərlə bu mövzuda söhbət aparıb,  VIII “a” və X “e” sinif şagirdləri üçün “açıq dərs”lər təşkil olunub.

 

***

Salyan şəhər 4 nömrəli tam orta məktəbin sinif müəllimi Sevinc Axundova da “Həyat bilgisi” fənnindən “Mina təhlükəsizliyi” mövzusunda “açıq dərs” təşkil edib. Sevinc müəllim  uşaqlara minalı ərazilərdə necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda necə rəftar  və hara müraciət etmələri haqqında müəyyən məlumat verib. Tədbirdə Salyan RTŞ-nin müdiri Razıgül Dadaşova, 13 saylı ƏMHM-nin rəisi Sənan Mənsimli, məktəbin direktoru Gülər Quliyeva iştirak edib.

 

“Açıq dərs”dən sonra Təhsil Şöbəsində Salyan şəhər məktəb direktorları ilə onlayn iclas keçirilib. İclasda məktəb direktorlarının hazırladıqları “Tədbirlər planı”nın icrasına dair hesabatları dinlənilib.

 

***

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  müvafiq əmrindən irəli gələn tələblərin icrası, görülmüş işlər,  mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinin “Mina təhlükəsizliyi ilə əlaqədar 2021-2022-ci tədris ili üçün Tədbirlər planı”na uyğun dekabrın  2-də “Microsoft Teams” platforması üzərindən şəhərin ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə onlayn iclas keçirilib.

 

İclası giriş sözü ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva açıb. Sonra  şəhər 6 nömrəli məktəbin direktoru Akif Xalıqov, 3 nömrəli məktəbin direktoru Aqil Sadiyev, gənclərin çağırışaqədərki hazırlığı  rəhbəri, II Qarabağ müharibəsinin iştirakçısı Pərvin Abbasov,  4 nömrəli məktəbin direktoru Yeganə Əsgərova və şəhər 10 nömrəli məktəbin direktor müavini, II Qarabağ müharibəsinin iştirakçısı Emin Quliyev təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi isitqamətində görülən işlərdən, əldə edilən nəticələrdən, qarşıda duran vəzifələrdən danışıblar. Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə dərslərdə  şagirdlərə piyada və tank əleyhinə mina təhlükəsizliyinə dair geniş məlumatların verildiyi diqqətə çatdırılıb.  Dərslərdə mina partlayış təhlükəsinə qarşı maarifləndirilmə məqsədilə videoçarx nümayiş olunub, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, şagirdlər hazırladıqları  təqdimatlarla çıxış ediblər.

 



10.12.2021 | 13:58