Universitet əməkdaşları səhiyyə sahəsində keyfiyyətin idarəolunması üzrə Avropa təlimlərində

Naxçıvan Dövlət Universitetinin (NDU) tərəfdaş olduğu LMQS layihəsinin  növbəti təlimi Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilir.

 

"Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı" layihəsi  çərçivəsində təlimlər layihənin koordinatoru olan Qərbi Attika Universitetinin təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində baş tutub. NDU-nun Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova, Roman-German dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva təlimlərdə iştirak edirlər.

 

Səfər çərçivəsində Azərbaycanda səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması ixtisaslaşması üzrə yeni peşə bakalavrı və peşə magistr proqramının yaradılması ilə bağlı Avropa təcrübəsi öyrənilir. Eyni zamanda bu sahədə müasir təcrübənin ölkəmizdə tətbiqi üçün Avropa məkanında səhiyyə xidmətinin keyfiyyətinə nəzarət, onun qiymətləndirilməsi, sertifikatlaşdırılması və səmərəliliyinin müəyyən edilməsi metodlarının öyrənilməsi, Tuninq metodologiyası və onun tədris prosesində tətbiqi istiqamətində müzakirələr aparılır.

 

Məlumat üçün bildirək ki, təlim və müzakirələrdə Azərbaycan Texniki Universiteti və İ.M.Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialı da iştirak edir.

 



10.12.2021 | 17:20